EN

“Yaşıl” məqsədlərə çatmaq ciddi səylər tələb edir

Ankara Sosial Elmlər Universitetinin dosenti İzzet Arı jurnalistlərlə söhbətində qeyd edib ki, bir çox ölkələrin ekoloqları və alimləri ABŞ-da prezidentlik yarışını xüsusi diqqətlə izləyiblər. Bu, təsadüfi olmayıb. Çünki ABŞ planetin atmosferini ən çox çirkləndirən ölkələr sırasındadır. Bundan başqa, prezidentlik yarışının qalibi Donald Tramp vaxtilə Paris Sazişindən çıxmaq qərarına gəlib.

Ekspertin fikrincə, ABŞ-ın yeni administrasiyası çox gümanki, Paris razılaşmasının öhdəliklərindən bir daha imtina etməyəcək: “2024-cü ildə planetin ekoloji vəziyyəti Trampın birinci hakimiyyəti dövründə – 2016-cı ildə yaşadığımızdan fərqlidir. Düşünürəm ki, bu, Vaşinqtonda nəzərə alınacaq”.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin mənfi nəticələri inkişaf etmiş ölkələrdən də yan keçmir, bunu İspaniyadakı sel və daşqınlar da sübut edir.

Eyni zamanda, o vurğulayıb ki, alim və ekspertlər Paris Sazişini dəstəkləyən ölkələrin öhdəliklərinin istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq kimi qlobal məqsəddən uzaq olması ilə razılaşırlar. “İstixana qazı emissiyalarının könüllü azaldılması, hətta istiləşməni 2 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq üçün yetərli deyil” deyən türkiyəli universitet dosenti BMT-nin 2019-cu ilə nisbətən 2030-cu ilə qədər istixana qazı emissiyalarının 43 faiz azaldılması üçün kollektiv öhdəliklərin vacibliyinə dair çağırışını xatırladıb.

İzzet Arı ekspert hesablamalarına da diqqət çəkib. O qeyd edib ki, ölkələrin İqlim Dəyişikliyi ilə Mübarizə üçün Milli Müəyyən Edilmiş Dəyişdirmələr kontekstində götürdükləri məcmu öhdəliklər 2030-cu ilə qədər zərərli emissiyaları cəmi 6 faiz azaldacaq. “Yəni, hətta qlobal istiləşməni 2 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq məqsədinə nail olmaq da getdikcə çətinləşir”,– deyə türkiyəli alim bildirib.

Dosent daha sonra qeyd edib: “Hazırda 120 milyard dollardan çox olacağı gözlənilən iqlim maliyyəsinin 2025-ci ildən ayrılmağa başlanılması planlaşdırılır. Eyni zamanda, dövlətlərin “ümumi xəzinə”yə töhfə verəcəyi meyarlar hələ müəyyən edilməyib; bunlar inkişaf səviyyəsinə, çirklənmənin həcminə, yoxsa hansısa başqa faktora görə olmalıdır?

Onun fikrincə, bir çox inkişaf etməkdə olan ölkələrin “yaşıl” transformasiya prosesini sırf iqlimin maliyyələşdirilməsi ilə əlaqələndirmək cəhdləri, eləcə də ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri fonunda iqlim böhranı ilə mübarizənin perspektivləri erkən uğura nail olunmasına o qədər də ümid doğurmur.

 

Chosen
13
xalqqazeti.az

1Sources