EN

Gənc liderlərə səlahiyyət veriləcək

“Ən fəal vətəndaşlar kimi gənclər sülh quruculuğuna öz həll yollarını təklif edərək töhfə verir, iqlim dayanıqlılığı və ətraf mühit təşəbbüslərində iştirak edərək, davamlı inkişaf prinsiplərini təşviq edirlər.” Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası çərçivəsində İCESCO-nun təşkilatçılığı ilə “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi” mövzusunda keçirilən tədbirdə deyib. 

O bildirib ki, hər gün dünyanın müxtəlif yerlərində milyonlarla insan, o cümlədən uşaq və gənclər iqlim dəyişikliyini və onun konfliktlərlə bağlı təsirlərini öz həyatlarında hiss edir. İqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin iştirakınım genişləndirilməsi, onların hüquqlarının qorunması və xüsusi ehtiyaclarının mövcud siyasət və proqramlarda nəzərə alınması vacibdir. Komitə sədri qeyd edib ki, gənclər arasında təhsilin və maarifləndirmənin təşviq edilməsi onların yalnız uyğunlaşmasını deyil, həm də proseslərdə fəal iştirakını vurğulayır. Gənclərin liderliyi fərdi təşəbbüslərlə məhdudlaşmamalı, onların səsinə qulaq asmaq, ideyalarını qəbul etmək və qərarların qəbul edilməsi proseslərinə cəlb etmək daha davamlı və ədalətli gələcək hazırlamaq deməkdir.

Azərbaycanda resurslardan səmərəli istifadə üçün bir sıra mühüm dövlət proqramları, sosial-iqtisadi inkişaf strategiyaları və geniş fəaliyyət planlarının reallaşdırıldığını qeyd edən B. Muradova azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” kimi vahid konsepsiya əsasında genişmiqyaslı bərpa və yenidənqurma işləri, minalardan təmizləmə işlərinin aparıldığını diqqətə çatdırıb. O əlavə edib ki, iqlim dayanıqlılığı və sülh quruculuğunu təmin etmək üçün gənc səfirlər “Sülh üçün Birləşək” kimi müxtəlif virtual platformalar yaratmalıdırlar. Burada onlar bu mövzuları müzakirə edərək diqqət mərkəzində saxlaya bilərlər. “Bu bir həqiqətdir ki, enerjisi, yaradıcılığı və qətiyyəti ilə gənclər güclü və harmonik bir dünyanın memarlarıdır. Gəlin hamılıqla gələcəyə doğru irəliləyərkən onların missiyasını dəstəkləməyə davam edək”- deyə Komitə sədri çıxışını yekunlaşdırıb. 

Tədbirdə İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan çıxış edib. Qeyd edilib ki, İSESCO gənc sülh səfirləri sessiyası iqlim və sülh problemlərinin həllində gənclərin liderliyini və innovasiyalarını nümayiş etdirəcək, onların nailiyyətlərini qeyd etməklə və gələcək əməkdaşlıq imkanlarını araşdırmaqla bu gənc liderlərə iqlim dəyişikliyinə davamlılıq və sülh quruculuğu sahəsində qlobal dəyişikliyi davam etdirmək üçün səlahiyyət verəcək.

Z.HÜSEYNLİ

XQ

Chosen
19
xalqqazeti.az

1Sources