EN

“Çaylar, göllər və bataqlıqlar iqlim böhranı ilə mübarizədə diqqətdən kənarda qalıb”

Çaylar, göllər və bataqlıqlar iqlim böhranı ilə mübarizədə vacib olsa da, hər zaman diqqətdən kənarda qalıb.

"EDnews" xəbər verir ki, bunu "Afrikanın Mavi Qəlbi Təşəbbüsü"nün rəhbəri Erik Oyare BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Su Fəaliyyəti: İqlimə uyğun addımlar üçün su həlləri" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, çaylar, göllər və bataqlıqlar iqlim böhranı ilə mübarizədə, su və ərzaq təhlükəsizliyinin artırılmasında və dayanıqlı inkişafın təmin edilməsində mühüm rol oynayır: "Lakin bu ekosistemlər hər zaman diqqətdən kənarda qalıb və lazımınca qiymətləndirilməyib. Odur ki, onlar dünyada ən təhlükə altında olan ekosistemləridir. Qlobal hesabatlara görə, dünyada olan bataqlıqların 1/3 məhv olub".

O qeyd edib ki, bu mənada "Şirin Sularla bağlı Çağırış Təşəbbüsü" mühüm rol oynayır: "Bu təşəbbüsə indiyə qədər Avropa İttifaqı ilə birlikdə 47 ölkə artıq qoşulub. Bu, 2025-2030-cu illər üçün bərpa tədbirlərinin prioritetləşdirilməsinə kömək etmək üçün hökumətlərə təlimat və alətlərlə dəstək verəcək. "Şirin Sularla bağlı Çağırış Təşəbbüsü" bu ekosistemlərin bərpası və qorunmasına ümumi investisiyanı artıracaq. Bundan başqa, təşəbbüslə təbiətə əsaslanan həllərin əhəmiyyətinin təşviqi daxil olmaqla bu istiqamətdə sərmayələrin gəlirliliyi əhəmiyyətli dərəcədə yüksələcək".

Chosen
28
2
ednews.net

3Sources