EN

Zurabişvili seçki pozuntuları ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili seçki pozuntuları ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinə şikayət təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə məhkəmədə prezidentin maraqlarını müdafiə edən Eka Beseliya jurnalistlərə məlumat verib.  

Beseliyanın sözlərinə görə, bu şikayətin təqdim olunması, məhkəməyə olan inamsızlığa baxmayaraq, mühüm addımdır. O qeyd edib ki, prezident bu hüquqi addımı vətəndaşların konstitusiya hüquqlarını qorumaq məqsədilə atıb.  

"Təəssüf ki, Konstitusiya Məhkəməsinə etimad olmasa da, bu şikayət çox əhəmiyyətlidir. Məhkəmə öz son qərarları ilə bu etimadı ciddi şəkildə sarsıdıb. Lakin prezident hesab edir ki, vətəndaşların konstitusiya hüquqlarını qorumaq üçün bütün hüquqi vasitələrdən istifadə olunmalıdır. Şikayətdə iki əsas konstitusiya hüququnun pozulmasından bəhs olunur: birincisi, ümumilik prinsipi pozulub. Xaricdə yaşayan vətəndaşlarımız üçün seçki hüququ təkcə məhdudlaşdırılmayıb, həm də tamamilə qadağan edilib. İkincisi isə səsvermənin məxfiliyinin təmin edilməməsidir. Bununla bağlı çoxsaylı faktlar var ki, məxfilik prinsipi pozulub və bu, konstitusiya standartlarının pozulması deməkdir. Daha bir məsələ isə parlament üzvlərinin mandatlarının tanınması proseduruna dair normativlərin konstitusiyaya uyğun olub-olmamasıdır. Məsələn, mandatlar yalnız proses başa çatdıqdan sonra deyil, əvvəlcədən tanınmalıdır," – deyə Beseliya bildirib.  

Qeyd edək ki, dünən Gürcüstan Prezidenti Orbelyanlar Evində keçirdiyi brifinqdə 19 noyabrda seçki pozuntuları ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət təqdim edəcəyini açıqlamışdı.  

Prezident bildirib ki, şikayət seçkilərdə iki əsas konstitusiya prinsipinin – məxfilik və ümumilik prinsiplərinin pozulmasına aiddir.  

Salome Zurabişvili vurğulayıb ki, məhkəmədən ümidli olmasa da, hər bir hüquqi yolu sınaqdan keçirmək niyyətindədir.  

Aydın
Chosen
20
qaynarinfo.az

1Sources