EN

"Avropa Ukraynaya qoşunlar göndərə bilər" - Estoniya XİN rəhbəri

 
"Hazırda Ukrayna NATO-nun birinci müdafiə xəttidir və Avropanın təhlükəsizlik arxitekturasında hadisələr dəyişə bilər..."
 
Avropa liderləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dəstəyilə Kiyevlə Moskva arasında bağlana biləcək istənilən sülh sazişinə dəstək vermək üçün Ukraynaya hərbi qüvvələr göndərməyə hazır olmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxna "Finansial Times" nəşrinə verdiyi müsahibəsində bəyan edib.
 
O, bəyan edib ki, Ukraynanın təhlükəsizliyi üçün ən yaxşı variant prezident Vladimir Zelenskinin təkid etdiyi kimi NATO-nun üzvü olmaqdır.
 
Əgər ABŞ Kiyevin Alyansda iştirakının əleyhinə olarsa, Avropa Rusiya tərəfindən bundan sonra da təcavüzün qarşısının alınması məqsədilə tədbirlər görməli, döyüş əməliyyatları başa çatdıqdan sonra öz qoşunlarını Ukraynada yerləşdirməlidir.
 
"Gerçək təhlükəsizlik zəmanətləri ədalətli sülh deməkdir və o zaman biz NATO üzvlüyündən danışırıq. Lakin ABŞ-sız bu, mümkün olmayacaq, söhbət xarici iştirakın istənilən formalarından gedir", - Tsaxna vurğulayıb.
 
Tramp Ukraynada müharibənin tez bir zamanda başa çatdırılmasını vəd edib, bu da mümkün ədalətsiz sazişlər və ABŞ-ın hərbi dəstəyinin azalması təhlükəsi ilə bağlı narahatıq doğurub. Bir neçə müttəfiq ölkə Avropaya Ukraynanı daha fəal dəstəkləməyə çağırış edib.
 
Tsaxna qeyd edib ki, Trampın seçkilərdə qələbəsi müttəfiqlər arasında Ukraynaya cəbhədəki son itkilər nəzərə alınmaqla dəstəyin gücləndirilməsi ilə bağlı müzakirələrə səbəb olub, həmçinin Moskvanı danışıqlara sövq edib.
 
O, həmçinin qeyd edib ki, avropalılara ABŞ-ın dəstəyi olmadan təhlükəsizlik zəmanətləri vermək çətin olacaq.
 
Estoniya həmişə Ukraynanın fəal tərəfdarı olub və bəzi müttəfiqlərin ehtiyat etməsinə rəğmən, silah tədarükünə tərəfdar çıxıb. Tallinni narahat edən Rusiyanın qələbə qazanacağı təqdirdə Baltika ölkələrinə Kreml tərəfindən yeni təcavüz təhlükəsidir.
 
Bəzi analitiklər hesab edir ki, Avropa Polşa və Böyük Britaniyadan başlayaraq Ukraynaya dövlətlər koalisiyası vasitəsilə dəstəyi təşkil edə bilər. Bu ölkələr Ukraynaya hərbi yardım edən aparıcı ölkələrdir.
 
Tsaxna həmçinin Fransa və Almaniyanın belə səylərdə iştirakının vacibliyini vurğulayıb, çünki Almaniya ABŞ-dan sonra hərbi yardımın kəmiyyətinə görə ikinci donorudur.
 
O, Trampın NATO-nu tərk edəcəyinə inanmır, çünki bu, ABŞ-ın maraqlarına cavab vermir. Lakin avropalılar müdafiə xərclərini ÜDM-in 2, 5 faizinədək artırmaqla müdafiəyə investisiya qoyacaqlarını sübut etməlidir.
 
Tsaxna əlavə edib ki, Avropa kifayət qədər silah ehtiyatına malikdir və öz müdafiə sənayesini gücləndirməlidir, həmçinin iddia edib ki, Estoniyanın etdiyi kimi, ölkələr öz vətəndaşlarından daha çoxunu tələb edə bilər.
 
O, qeyd edib ki, hazırda Ukrayna NATO-nun birinci müdafiə xəttidir və Avropanın təhlükəsizlik arxitekturasında hadisələr dəyişə bilər.
Chosen
12
moderator.az

1Sources