Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycan hökumətinə əmək haqlarının və sosial müavinətlərin artırılması ilə bağlı tapşırıq verib.
Bəs bu artım nə qədər olacaq?
İndex.az məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc ilə əlaqə saxlayıb.
İndex.az-a danışan ekspert bildirib ki, bu artım bir il öncə planlaşdırılıb:
“Bu artım dövlət büdcəsinin qəbulu zamanı planlaşdırılıb. Artımın səviyyəsi il ərzində ölkədə baş verən makroiqtisadi dəyişikliklər sayəsində müəyyənləşdirilir. Məqsəd isə xalqın rifah səviyyəsinin yüksəldilməsidir”.
Vüqar Orucun sözlərinə görə, bu il artım fərqli bir yanaşma ilə həyata keçiriləcək:
“Ötən illərə nəzər salsaq artımın 8-10% civarında olduğunu görərik. Bu il isə yanaşma fərqli olacaq. Belə ki, 2025-ci ildə minimum əməkhaqqı 345 manatdan 400 manata yüksəldiləcək. Bu isə həm təqaüdlərə, həm maaşlara, həm də sosial müavinətlərə öz təsirini göstərəcək. Yekun olaraq 15%-lik bir artımın olacağını deyə bilərik”.