EN

Rasim Əliquliyev: Süni intellekt texnologiyaları yaşıl problemlərin həllində mühüm rol oynayacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycan elminin qarşısına ölkəmizdə yaşıl iqtisadiyyatın, yaşıl cəmiyyətin formalaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı mühüm vəzifələr qoyur.

Bunu AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev TƏHSİL.BİZ -ə açıqlamasında söyləyib. COP29-un Azərbaycan elminin qarşısına qoyduğu problemlər və vəzifələrə, yeni prioritetlərə diqqət çəkən akademik Rasim Əliquliyev rəqəmsal texnologiyaların yaşıl dünya üçün yaratdığı neqativ təsirlərin minimallaşdırılmasında, eyni zamanda, mürəkkəb ekoloji problemlərin həllində süni intellekt texnologiyalarının tətbiqinin çox böyük perspektivlər vəd etdiyini söyləyib.

Akademik qlobal iqlim dəyişmələri problemlərinin həllində alim və mütəxəssislərin fəal iştirakının vacibliyinə toxunub. Bildirib ki, sağlam ətraf mühiti formalaşdırmaq məqsədilə rəqəmsal texnologiyalardan istifadə əsasında müxtəlif yaşıl problemlərin həllinə dəstək verilməlidir. Təbiətdə gedən prosesləri təhlil etmək, iqlim dəyişmələri ilə bağlı ifrat böyük məlumatları vaxtlı-vaxtında toplamaq, intellektual emal etmək, yüksəkkeyfiyyətli, analitik və proqnoz üçün əhəmiyyətli bilikləri əldə etmək son dərəcə vacibdir.

“Prezident İlham Əliyevin yaşıl texnologiyaların inkişafı, yaşıl cəmiyyətin və yaşıl iqtisadiyyatın formalaşdırılması ilə bağlı çağırışlarına elmi dəstək verməliyik”, – deyən AMEA-nın vitse-prezidenti, IV Sənaye İnqilabının gətirdiyi yeniliklər kontekstində ölkəmizdə yeni enerji, nəqliyyat və su təchizatı infrastrukturlarının qurulması, eləcə də digər kritik sistemlərin fəaliyyətinin intellektuallaşdırılması, kibertəhlükəsizliyinin təmin olunması istiqamətində konkret elmi innovativ layihələrin işlənilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Chosen
11
tehsil.biz

1Sources