EN

Konqresmensayağı abırsızlıq: yaxud Pallonenin pulunu verin kirisin, haylar!

Söz vaxtına çəkər, deyiblər. Düz 5 il əvvəlin oktyabrında “Yeni Müsavat”da “ABŞ konqresmenləri Qarabağ səmasında - həmsədr ölkə nə demək istəyir?” sərlovhəli yazımız dərc olunmuşdu.

Yazının başlığı hər şeyi deyir əslində: Ermənistanın işğalı altında olan torpaqlarımıza AMB konqresmenlərinin övbəti qanunsuz səfərindən bəhs edilirdi.  Yazını bu fikirlərlə bitirmişdik: “Beləliklə, ABŞ konqresmenləri Qarabağ səmasında “süzür”. Maraqlıdır, həmsədr ölkə nə demək istəyir?! İşğal zonasına müntəzəm uçuşların təminatı üçünmü çalışır? İndi görək ABŞ dövləti konqresmenlərin səfərlərini nə ilə əsaslandırmağa çalışacaq. Gözləyək. Amma təbii ki, təkcə gözləməməli, həm də hücum diplomatiyası, vətəndaş cəmiyyəti öz sözünü deməlidir...”

Yeri gəlmişkən, Azərbaycan XİN-in o zamankı mətbuat katibi, hazırda Fransadakı baş diplomatımız Leyla Abdullayeva Tiflisdə olsa da, sualımızı cavablandırmış, “Qarabağa qanunsuz səfər edən konqresmenlərdən biri – Cek Spayer -  artıq 2018-ci ildən bizim “qara siyahımız”dadır, digər konqresmenin adı isə qanunsuz səfə etdiyinə görə müvafiq siyahıya daxil ediləcək” demişdi.

Leyla

Həmçinin xatırladılmışdı ki, XİN konqresmen Frank Pallonenin də adını 2017-ci ildən “qara siyahı”ya salıb, Qarabağa icazəsiz səfər etdiyinə görə.

Baxın, Azərbaycana qarşı pislik edənlərdən, özlərini “dərə xəlvət tülkü bəy” sayanlardan biri, ABŞ Konqresindəki erməni məsələləri komissiyasının sədri olmuş Frank Pallone bu günlərdə Bakıda göründü. COP29-un imkanlarından istifadə edib, Azərbaycan paytaxtına gəlmişdi. Əslində bu dəfə də icazəsiz, çünki beynəlxalq təxbirə qatılmaq fürsəti yaranmışdı qaydalara əsasən. Amma ən azı Bakıya səfər etməzdən öncə Qarabağ separatçılarını illər boyunca dəstəklədiyinə, beynəlxalq cinayətkarlığa ortaq olduğuna, erməni  diasporunun, Amerika Erməni Milli Komitəsinin (ANKA) pullarının həzm etməsinin qarşılığında Azərbaycana qarşı qara əməllərə imza atdığına, pisliklər etdiyinə görə, Azərbaycan dövlətindən və xalqından üzr istəməli, adının “qara siyahı”dan çıxarılması üçün acizanə şəkildə XİN-ə xahiş ünvanlamalı idi. Amma yox, onun məram-məqsədi bu dəfə də pislik etmək olubmuş, sən demə...

Azərbaycan dövləti yenə də böyüklük göstərdi, ölkəyə gələn bu pisi qandallayıb, həbsxanada erməni separatçıları ilə qonşu kameraya atmadı, COP29 adına gəldiyi üçün. Amma əslində görüş üçün fürsət qazanmışdı, gedib canilərlə birgə çay içərdi içəridə...Dövlətimiz humanistlik nümayiş etdirdi. Bənzər addımı hansısa azərbaycanlı deputat ABŞ-yə qarşı atsaydı, Vaşinqtonun terrorçu elan etdiyi kimlərləsə görüşsəydi, Bayden administrasiyasından tutmuş, Pentaqonadək hamısı coşardı, elə senatorlar, konqresmenlər bir-birinin ardınca “edam cəzası” kəsərdilər. Lakin dövlətimiz qonaq statusunda olanlara “xoş gəlmişsiniz” dedi. Buna baxmayaraq, COP29-da iştirak üçün qeydiyyatdan keçmiş 70 mindən artıq şəxsin içərisində olan konqresmen Pallone Azərbaycana xoş gəlməyə haqq etmədi. İstisna deyil ki, o, daha çox ermənilərə xoş gəlmək üçün ssenari qurubmuş, qaşınmayan yerdən qan çıxartmaq üçün min km-ləri qət edibmiş yenə də...

Azərbaycandakı vətəndaş cəmiyyətinin təmsilçiləri məqamında duyuq düşdülər və hüquq müstəvisində hərəkətə keçərək Azərbaycanın düşməninin ölkəmizdən rədd olmasını tələb etdilər və buna nail oldular. Deməli, 5 il öncə yazdığımız kimi, vətəndaş cəmiyyəti sözünü dedi!

Amma Pallone geri qayıdan kimi, Prezident Əliyevin kölgəsinə ...danışıb. Guya ki, Azərbaycanın dövlət başçısı iş-gücünü atıb, hansısa bir erməni köləsi ilə məşğul imiş. Anlamır ki, Azərbaycan Prezidenti bütün dünyanın diqqət kəsildiyi COP29 tribunasından pallonilərin böyüklərinə, Baydenə, Makrona, digər erməni sevdalılara sözünü dedi, özü də necə lazımdırsa.

SUMA.jpg

Pallone və onun kimiləri yandıran Azərbaycanın suveren ərazilərində bayrağını ucaltmasıdır. Düz 33 il əvvəl, 1992-ci ilin elə bu vaxtlarında ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişi qəbul etməklə Ermənistanın və havadarlarının işğalına məruz qalmış Azərbaycana qarşı sanksiya tətbiq etdi. O vaxt cəmi bir yaşlı müstəqil Azərbaycanın yeni yaradılan, beş nəfərinə bir avtomat düşən ordusu Ağdərəni azad edib, Xankəndiyə çatmışdı. Ermənilərdən qidalanan amerikalı konqresmenlər ölkəmizə hərbi yardımı məhdudlaşdıran qərarı qəbul etdilər və Ermənistanın sonrakı işğalına “yaşıl işıq” yandırdılar. Pallone kimilər bəşəriyyətin qara yarasıdır, təkcə XİN siyahısındakı “qara” deyil. Gərəkdir ki, bunların adam içərisinə çıxmağa üzləri, deməyə sözləri olmasın. Amma Bakıda olduğu 48 saatdan sonra geri qayıdıb, Azərbaycanda insan haqlarından danışıb, ölkəmizin qarasına zəvzəyib. Xankəndidəki xunta rejimi ilə görüşmək də insan haqlarına uyğun idi? Bəs onda nə əcəb Azərbaycanın dövlət və yüz minlərlə köçkününün insan hüququ yadına düşmürdü bu şoumenin?!

Heç şübhəsiz, oynadığı rollara, özünü ermənilər uğrunda fəda edən birisi olaraq təqdim etdiyinə görə mükafat gözləyir. Bundan əvvəl çoxlarını görmüşük. Biri də var idi, “ermənilərin nənəsi” – ABŞ Nümayəndələr Palatasının keçiş spikeri  Nensi Polesi, Ermənistana gəldi, saxta “soyqırım” abidəki qarşısında saxta göz yaşı axıtdı, qonorarı artsın. Pelosi “nənə”dən sonra da Pallone ermənilərə “dədə”lik etmək istəyir...Bunlar da belə yaşayırlar, uşaq, qadın, qoca qatillərindən aldıqları pullar hesabına nadürüstlük etmək yolunu tutublar.

Kapitolidə öz tay-tuşu senator Markeylə tribunada hədyanlar söyləyən F.Pallone iddia edib ki, guya Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı “dəhşət”lərinə işıq salmaq niyyətinə görə iti qovan kimi qovulub. Amma kimsə soruşmur ki, sən qısa müddətdə Azərbaycanda “nə yatdın ki, nə də yuxu gördün?” Yuxusunu da uydurub.

Və sonda:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqlar, ilk növbədə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıblar. Görüşdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və ölkəmizin yaşıl keçid strategiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın müstəqilliyinin bərpasından sonra ABŞ-ın ölkəmizə dəstəyi xatırlandı, enerji strategiyamızın inkişafında onun dəstəyi qeyd olunub.

Avqust Pflüger Nümayəndələr Palatasının sədri Mayk Consonun adından nümayəndə heyəti ilə görüşə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

PÜFLÜ.jpg

Ölkəmizə səfərdən məmnun qaldıqlarını deyən qonaq Azərbaycan-ABŞ əməkdaşlığının inkişafına töhfə verməyə hazır olduğunu vurğulayıb.

Görüşdə ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin artırılması məsələləri müzakirə olunub, Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın və tərəfdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə toxunulub.

Pallone özünə sual versin: niyə Avqust Pflügerin rəhbərlik etdiyi heyət Prezident səviyyəsində qəbul olunduğu halda, onu qovublar?! Özü də insan haqlarından danışmırmı? Azərbaycandakı vətəndaş cəmiyyəti təmsilçiləri və işğaldan zərər çəkən insanların tələbi əsas olub. Pallonenin iddia etdiyi kimi, onu kimsə parçalamaq niyyətində olmayıb, əks təqdirdə, 5-10 pulla tutulmuş səfirlik mühafizəçisi (Pallone mühafizəçilərin pulla tutulduğunu xüsusilə qabardır ki, erməni diasporu qonorarını artırsın-E.P.) qarşısını ala bilməzdi. Frank cəfəngiyyat söyləməkdənsə, Azərbaycan dövlətinə təşəkkür etməlidir ki, onun ölkədən təhlükəsiz çıxışına şərait yaradılıb...

Bir azdan Pallonenin ermənilərə xitabən “pulumu verin”, şüvənini də eşidə bilərik...İstədiyini almasa, kiriməyəcək.

Chosen
25
musavat.com

1Sources