EN

Müvəqqəti işlər vəkili: İranla Azərbaycan arasında o qədər güclü əlaqələr var ki, istənilən problemi asanlıqla həll edə bilərlər - MÜSAHİBƏ

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın APA-ya müsahibəsi

- İranla Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- İranla Azərbaycan arasında əlaqələr hərtərəfli və çoxşaxəlidir, güclü emosional təməllərə, strateji maraqlara əsaslanır. İran-Azərbaycan əlaqələrini təşkil edən xammal xüsusi keyfiyyətə malikdir, davamlıdır və qırılmazdır, bu səbəbdən də isti-soyuq vəziyyətlər, dəyişikliklər qarşısında asanlıqla qırılmır. Başqa sözlə, münasibətlərimiz uzun tarixə söykənir, dərin və zəngin mədəni, dini və qohumluq bağlarından qaynaqlanır. Əsasən iki ölkə xalqları arasında mənəvi əlaqələrə və həmrəyliyə istinad edən İran-Azərbaycan münasibətlərinin bu ölçüsü, iki ölkə əlaqələrinin əsas bünövrəsi və sərmayəsi hesab olunur.

İran-Azərbaycan münasibətlərinin başqa bir xüsusiyyəti onun müxtəlifliyi və əhatəliliyidir. Demək olar ki, bütün siyasi, iqtisadi, elmi-mədəni, hərbi, təhlükəsizlik və konsulluq sahələrində, regional və beynəlxalq təşkilatlarda əlaqələrimiz var, əməkdaşlıq edirik. Münasibətlərdəki bu hərtərəfliliyin bir neçə səbəbi var: Bütün bunlar həm qonşuluq zərurətindən, həm dərin tarixi-xalq əlaqələrindən, həm də iki ölkənin ümumi və üst-üstə düşən ənənəvi, strateji maraqlarından yaranır. Yaxşı! Bu o deməkdirmi ki, bizim münasibətlərimizdə heç bir problem və ya fikir ayrılığı yoxdur? Xeyr! Mənim bunu demək fikrim yoxdur. Mənim sözüm odur ki, qeyd etdiyim səbəblərə görə, İranla Azərbaycan arasında o qədər güclü əlaqələr, çoxşaxəli bağlar var və bu əlaqələr, o qədər xoş və əhatəlidir ki, istənilən məsələni, problemi öz daxilində asanlıqla həll edə bilər, zərərləri aradan qaldıraraq öz yoluna davam edə bilər. İran-Azərbaycan münasibətlərində bədxahların və pozuculuq edənlərin diqqətindən kənarda qalan məqam məhz budur, onlar böyük səhv hesablamaların tələsinə düşürlər. Mən İran-Azərbaycan münasibətlərində bədxahların görünən qəflətini bir xeyirli və səmərəli qəflət hesab edirəm. Onlar suyun üzərindəki köpüyü görüb onu, suyun mahiyyəti, saflığı və zülallığı ilə səhv salanlara bənzəyirlər. Onlar suyun üzərindəki köpüyə bənzəyən İran-Azərbaycan münasibətlərindəki bəzi hadisələri və məsələləri görür, böyük şövq, ümid və hərisliklə iki ölkə münasibətlərində fitnə törətməyə çalışırlar. Ancaq birdən suyun üzərindəki köpüklər partlayıb yoxa çıxanda, sonradan nə qədər böyük qəflət və yanlış düşüncə içində olduqlarını anlayırlar. Onlara deyirəm ki, qəflət evinizin qaranlığından çıxmağa çalışın. Qəflətin bu formada davam etməsi ağılın itirilməsinə gətirib çıxarır.

- Ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıq prosesi haqqında nə deyə bilərsiniz? Qarşılıqlı investisiyalar və iqtisadi sahədə hansı birgə layihələr həyata keçirilir?

- İran və Azərbaycanın maraqları bir çox müxtəlif sahələrdə üst-üstə düşür. Bu amilə görə son bir-iki ildə iki münasibətlərdə şahidi olduğumuz bəzi eniş-yoxuşlara baxmayaraq, ölkələrimiz arasında yaxşı iqtisadi və siyasi əməkdaşlıq əvvəlki qaydada davam etdirilib. Müxtəlif sahələrdə, xüsusilə nəqliyyat və enerji sektorlarında birgə layihələrin icrası da davam etdirilib. İran və Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində ortaq və strateji maraqları var, hər iki ölkə şimal-cənub istiqamətində nəqliyyat və tranzit infrastrukturlarının gücləndirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Birgə əməkdaşlığımız nəticəsində Astara çayı üzərində yeni körpü tikdik ki, bu da iki ölkə arasında yüklərin daşınması, ticarət və sərnişin daşımalarının genişləndirilməsi üçün çox vacibdir. Artıq bu körpünün istismarına minimal şəkildə başlanılıb. Biz, İran tərəfində sərhəd-keçid məntəqəsində infrastrukturları tamamlamaqla çalışırıq ki, sözügedən layihə tezliklə tam surətdə istifadəyə verilsin. Bu baxımdan Azərbaycan Respublikasının sərmayə qoyuluşu ilə İranın Astara şəhərində dəmir yolu terminalının tikintisi də mühüm əhəmiyyət kəsb edir.

Şimal-Cənub Dəhlizi çərçivəsində İran, Azərbaycan və Rusiya arasında yaxşı üçtərəfli əməkdaşlıq mövcuddur, hər üç ölkə bu dəhlizdə daşımaları normal vəziyyətə salmaq üçün müvafiq infrastrukturlar və texniki-hüquqi tənzimləmələr yaratmağa çalışır.

Digər mühüm layihə isə hər iki ölkənin gündəmində olan, Naxçıvana gedən Ağbənd-Kələlə dəmir yolu və avtomobil yolu layihəsidir. Ötən il İran-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının rəhbərlərinin iştirakı ilə keçirilən mərasimdə qeyd edilən ərazidə Araz çayı üzərində avtomobil körpüsünün tikintisinə artıq başlanılıb və hazırda hər iki tərəfdə yol tikintisi davam etdirilir.

Daha mühüm bir əməkdaşlıq sahəsi isə birgə su və elektrik ehtiyatlarının idarə olunmasıdır. Bilirsiniz ki, İran və Azərbaycan Araz çayının suyunun birgə istifadə olunması sahəsində sıx əməkdaşlıq edir. Ötən il iki ölkənin prezidentlərinin iştirakı ilə Xudafərin və Qızqalası bəndlərinin ərazisində bu bəndlərin istismara verilməsi mərasimi keçirilib. Təəssüflər olsun ki, bu mərasimdən sonra əziz mərhum prezidentimizi və onu müşayiət edən şəxsləri daşıyan vertolyotun qəzaya uğraması xalqımız üçün böyük kədər yaşatdı. Allah bu faciəli hadisənin bütün şəhidlərinə rəhmət eləsin. Onlar bir növ İran və Azərbaycan xalqlarının xidmət şəhidləridirlər.

İran-Azərbaycan və Rusiya arasında enerji sahəsində strateji dəhliz olan enerji sahəsində üçtərəfli əməkdaşlığı da qeyd etməliyəm.

Müdafiə sahəsində əməkdaşlıq sahəsində də müsbət və effektiv addımlar atmışıq. Hər iki ölkənin silahlı qüvvələrinin iştirakı ilə Xəzər dənizində və sərhədyanı bölgələrdə keçirilən birgə təlimlər isə bu effektiv və perspektivli əməkdaşlığın tərkib hissəsidir.

COVID-19 yayılmağa başlayandan Azərbaycanın bütün qonşuları ilə quru sərhədlərinin bağlanması, təbii olaraq İran-Azərbaycan arasında ticarət əlaqələrinə də mənfi təsir göstərib. Şübhə etmirik ki, sərhəd-keçid məntəqələrindəki gediş-gəliş məhdudiyyətlərinin aradan qaldırılması ilə iki ölkə arasında ticarət mübadiləsinin artmasına və turizm sahəsinin canlanmasına şahid olacağıq.

- Ermənistanın 30 illik işğalı artıq başa çatıb. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və tikinti işləri aparılır. Ölkənizin bu işlərdə iştirakı barədə nə deyə bilərsiniz? Eyni zamanda, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üzrə addımlar atılır. Sizcə, bu prosesin reallaşmasından region hansı dividendlər əldə edəcək?

- Burada mühüm bir məqamı xatırlatmaq istərdim. Xudafərin və Qızqalası bəndlərinin və elektrik stansiyalarının tikintisi, tikinti ərazisi və onun ətrafı işğal altında olduğu bir vaxtda investisiya qoymaqla İran mühəndisləri tərəfindən həyata keçirilib. Ancaq İran İslam Respublikası, bu bəndlərin tikintisinə dair sazişi Azərbaycan hökuməti ilə bağlayıb, iki ölkənin sıx əməkdaşlığı ilə bu layihələrə start verilib və tamamlanıb. Bu o deməkdir ki, İran hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı həssaslıq nümayiş etdirib. Xoşbəxtlikdən indi artıq bu ərazilər azad edilib və Azərbaycana qayıdıb. Xudafərin və Qızqalası bəndlərinin tikintisi layihəsi də vaxt itirilmədən başa çatdırılıb və ən qısa zamanda iki ölkənin sərhədyanı ərazilərinin inkişafına xidmət edə bilər. İnşallah, səmimi əməkdaşlığımız nəticəsində yaxın gələcəkdə bu bəndlərdə layihələndirilən elektrik stansiyalarının tikintisinə də başlanacaq. Beləliklə də, sualınıza cavab olaraq deməliyəm ki, İran şirkətləri işğal olunmuş ərazilər azad edilməzdən əvvəl Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşaraq və Azərbaycan hökuməti ilə müqavilə imzalayaraq, bu ərazilərdə Araz çayı üzərində ən böyük hidroelektrik layihəsini həyata keçiriblər. Xudafərin və Qızqalası bəndləri layihəsinin icrasında İranın texniki-mühəndislik xidməti şirkətlərinin yüksək bacarığı göz qabağındadır. Azərbaycan hökuməti istədiyi təqdirdə, İran şirkətləri yenə də öz potensial və imkanlarını Azərbaycan hökumətinin arzuladığı plan və layihələrin həyata keçirilməsinə və irəliləməsinə sərf etməyə hazırdırlar. Biz çətin vaxtlarda Azərbaycandakı bacı-qardaşlarımızın yanında olmuşuq. Bəzi fitnəkar xarici qüvvələrin media hay-küyünün bizim iradəmizə heç bir təsiri yoxdur. İnkar etmirəm ki, həqiqətlər və reallıqların onlar tərəfindən tərsinə çevirməsi bizi incidir. Ancaq yolumuzdan dönməyəcəyik. İmkan verməyəcəyik ki, İran-Azərbaycan münasibətlərinin düşmənləri bizim əlaqələrimizi pozmağa müvəffəq olsunlar.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və Ermənistanla sülh danışıqları prosesi region ölkələri arasında iqtisadi əlaqələrin inkişafı üçün daha yaxşı şərait yaradıb. Təbiidir ki, regionda davamlı sülhün bərqərar olması İran və Azərbaycan arasında getdikcə daha da çoxşaxəli əməkdaşlıq üçün yeni sahələr və imkanlar aça bilər.

- Yaxın Şərqdə baş verənlərə toxunmaq istərdik. Son günlər regionda genişmiqyaslı müharibə riski artıb...

- Bəli! Təəssüf ki, Qəzzada böyük humanitar fəlakətin şahidi oluruq. İnsanlığa qarşı genişmiqyaslı cinayət və məzlum Fələstin xalqına qarşı açıq-aşkar soyqırımı baş verməkdədir. Bu israilli qəssabların qəddarlığı həqiqətən də təəccüb doğurur. Bundan daha təəccüblüsü isə bu rejimə fasiləsiz olaraq bomba və hərbi silah göndərməklə dəstək verən Amerika hökumətinin riyakarlıqla və sərxoşcasına olan gülüşüdür. İnsanların evləri, yaşayış binaları, xəstəxanalar, uşaq bağçaları, məktəblər, qadınlar, uşaqlar, həkimlər, tibb bacıları, məcburi köçkünlərin çadırları, yardım karvanları və bütün hər yer və hər kəs müxtəlif növ “bunker buster” və “fosfor” raketləri və bombaları ilə vurulur və məhv edilir. Onlar binaların xarabalıqlarında, öldürülmüş və sümükləri qırılmış fələstinlilərin meyitlərinin üstündə gəzir və sərxoş halda badə qaldırıb, gülürlər. Bu necə vəhşilikdir!? Sonra da sionizmin qlobal media imkanlarından istifadə edərək həyasızcasına həqiqəti və reallığı alt-üst etməyə çalışırlar. Onlar elə danışırlar ki, sanki neçə illərdir İsrail işğalına qarşı mübarizə aparan Fələstin xalqı, HAMAS və İslam Cihadı hərəkatlarının mücahidləri, eləcə də bu yolda fələstinli qardaşlarına dəstək verən Hizbullahın və Livan, İraq və Yəməndəki digər müqavimət qruplarının üzvləri terrorçu və təcavüzkardılar, lakin işğalçı və cinayətkar qüvvələr, cinayət törətmiş İsrail liderləri isə məsum və göydən enən günahsız mələk kimidilər. İsrail cinayətkarlarının o, fövqəladə və səlahiyyətli nümayəndəsi elə danışır ki, guya Fələstin müqavimətinin tarixi oktyabrın 7-də başlanıb, eləcə də Azərbaycandakı yəhudilərin tarixindən elə danışır ki, insan təəccüblənir ki, görəsən doğrudan da o, Azərbaycanı da yəhudi xalqının tarixi torpağı kimi təqdim etmək istəyir, yoxsa yox? Fələstin xalqının mübarizəsi 7 oktyabr 2023-cü il tarixində başlanmayıb. Oktyabrın 7-si fələstinlilərin öz vətənlərinin işğalına qarşı müqavimətinin uzun müddətli tarixində sadəcə yeni bir mərhələdir. Bu rejim 75 ildir ki, Fələstin torpaqlarını işğal edib və öz işğalını bir neçə mərhələdə inkişaf etdirib. Bu rejim, Suriyanın Colan təpələrini və Livanın sərhədyanı bölgələrinin bir hissəsini də işğal edib. Hazırda təkcə Fələstin torpaqları deyil, Suriya və Livan torpaqlarının bir hissəsi də bu rejim tərəfindən işğal olunub. Bəli! İsrail yüz faiz bir müstəmləkə layihəsidir. Fələstin xalqının tarixi, ölkəsi və vətəni başqaları tərəfindən qəsb edilmiş bir xalqın tarixidir. Fələstinlilərin və fələstinli qrupların etdikləri işğala qarşı legitim və müqəddəs müqavimətdir. İşğala qarşı müqavimət göstərmək və ona qarşı mübarizə aparmaq onların haqqıdır. Fələstin, Livan və digər ölkələrdə Fələstin xalqının hüquqlarını, onların şərəf və ləyaqətini müdafiə edən bütün müqavimət qrupları hörmətə və dəyərə layiqdilər. Biz tarixin doğru tərəfində dayandığımız və məzlumları müdafiə etdiyimiz üçün fəxr edirik. İsrailin təməli zülm, işğal və batil üzərində qoyulub, batil isə suyun üzərindəki köpük kimidir, onun aradan qalxması öz-özünə baş verir. Sionist rejiminin olmadığı dünya daha yaxşı bir dünyadır, sülh və ədalətə daha yaxındır.

- Doğrudanmı Yaxın Şərqdə danışıqlar aparmaq imkanları tükənib?

- Fakt budur ki, dərhal atəşkəsin bərqərar edilməsi və Fələstində soyqırımın dayandırılması tələbi qlobal tələbə çevrilib. Dünyanın müxtəlif yerlərində, o cümlədən Amerika və Avropada müşahidə etdiyimiz kütləvi xalq və tələbə nümayişləri bu həqiqəti təsdiqləyir. Təəssüflər olsun ki, İsrail rejiminin dərhal atəşkəsin bərqərar edilməsi və humanitar yardım göndərilməsi ilə bağlı qlobal tələbdən boyun qaçırmasının əsas səbəbi ABŞ-ın və Qərbin bu rejimə geniş hərbi, siyasi və maddi dəstək verməsidir. Fələstin xalqının qırılmasında, Qəzza və Livanın məhv edilməsində bu rejimin əsas tərəfdaşı Amerikadır. Dəlillər onu göstərir ki, sionist rejimi yanlış hesablamalarla regionda müharibənin miqyasını genişləndirməyə çalışır. Onlar hesab edir ki, Qəzza və Livanın müxtəlif şəhərlərində xalqı məhv etmək, qırğın törətmək, insanları köçkün salmaq və ac saxlamaqla xalqı işğala qarşı müqavimət göstərmək ümidindən çəkindirə bilər. Bu, böyük bir səhv hesablamadır. Müqavimət qrupları Fələstində və Livanda xalq arasında böyük populyar bazaya malik qruplardılar. HAMAS, xalqın yüksək səs faizi ilə keçirilən seçki prosesində idarəçiliyi ələ keçirmişdir. Hizbullah Livan hökumətinin siyasi strukturunun, yəni Livan parlamentinin və hökumətinin bir hissəsidir. Livanda Hizbullahı təmsil edən 13 parlament deputatı, eləcə də bir neçə nazir var. İsrail hələ də Livanın bəzi ərazilərini işğal altında saxlayır və hələ də işğal olunmuş Livan torpaqlarının azad edilməsi ilə bağlı BMT qətnamələrini yerinə yetirməyə razı olmayıb. Hizbullah üstün gücə malik olmasına baxmayaraq, heç vaxt bu gücündən daxili müxaliflərinə qarşı istifadə etməyib, bütün xarici və daxili hiylələrə baxmayaraq, Livanda daxili konsensusun qorunması üçün çoxlu fədakarlıqlar edib. Hizbullah Livanın çox konfessiyalı və çoxdinli cəmiyyətində siyasi və ictimai harmoniyanın yaradılmasında mühüm rol oynayır.

Mən sizə əminliklə deyə bilərəm ki, Fələstin və Livandakı müqavimət hərəkatlarının tarixi də təsdiq edir ki, müqavimət hərəkatları həmişə bu cür hadisələrdən daha güclü şəkildə və daha geniş xalq dəstəyi ilə çıxıblar və öz güclərini artıraraq əvvəlkindən daha güclü olublar. Şübhəniz olmasın ki, bu, yenidən baş verəcək. Bir sözlə, İsrail bir işğalçılıq və müstəmləkəçilik layihəsinin məhsuludur. Bu gün Fələstində və Livanda baş verənlər böyük işğalın nəticələridir. Sülh və işğalın bir yerə cəmlənməsi mümkünsüzdür. Həqiqi sülh, Fələstinin işğalının sona çatması, zülm və ədalətsizliyin dayandırılması ilə başlayır.

- Regionda yaşanan gərginlik fonunda İran və İsrail bir-birinin ərazisinə hava zərbələri endirdi. Deyə bilərikmi ki, İran artıq bu müharibənin tərəflərindən biridir?

- İran İslam Respublikası prezidentinin rəsmi qonağı kimi İran prezidentinin andiçmə mərasiminə dəvət olunmuş HAMAS-ın siyasi bürosunun rəhbəri cənab İsmayıl Haniyə terror aktı nəticəsində şəhid olub. Sionist rejimi bu terror aktından əvvəl bütün beynəlxalq normalara və qaydalara zidd olaraq, İran İslam Respublikasının Dəməşqdəki Səfirliyinin binasına hücum edib. Bu hərəkətlər, İran İslam Respublikasının suverenliyinin aşkar şəkildə pozulması halı idi və biz çəkinmədən İranın milli suverenliyinin açıq şəkildə pozulması hallarına cavab verdik. Əlbəttə, biz “2-ci doğru vədə” əməliyyatına başlamaq üçün səbir nümayiş etdirdik. Biz şans verdik ki, bəlkə beynəlxalq ictimaiyyət regionda hərtərəfli müharibənin qarşısını almaq üçün sionist rejimini cinayətləri dayandırmağa, atəşi dayandırmağa və humanitar yardımları göndərməyə məcbur edə bilər. Amma bu baş vermədi. Əksinə, ABŞ-ın geniş silah dəstəyi fonunda bu rejim öz cinayətlərini Livan istiqamətində daha da genişləndirdi. Atəşkəsin bərqərar edilməsi və bölgədə hərtərəfli müharibənin qarşısının alınması məqsədilə İranın verdiyi fürsət təsirli olmadığı üçün biz “2-ci doğru vədə” əməliyyatı ilə bu rejimin lovğalığına möhkəm, dağıdıcı və tarixi bir cavab verdik. Sizdən soruşmaq istəyirəm ki, təcavüzkarı cəzalandırmaq sülhün bərqərar olunmasına kömək edir, yoxsa onu mükafatlandırmaq və dəstəkləmək? Həqiqətən də Amerika ikiüzlü siyasət yeridir, bir tərəfdən atəşkəsdən, sülhdən danışır, digər tərəfdən isə təcavüzkarlığı və cinayətləri dəstəkləyir.

Müqavimət qüvvələrinin işğala qarşı mübarizə aparmaq məqsədilə müstəqil bir oyunçu kimi çıxış etdiklərini vurğulamağı zəruri hesab edirəm. Onların istənilən öz şərtlərinə uyğun hərəkət edə bilən müdrik və təcrübəli rəhbər heyəti var. Fəxr edirik ki, biz Fələstin və Livan xalqlarının işğalçılara qarşı mübarizəsində həmişə onların yanında olmuşuq. Fələstin məsələsi elə bir məsələdir ki, bu məsələdə heç bir İslam ölkəsi bitərəf olmamalıdır. İsrail rejimi tərəfindən törədilən bütün cinayətlərə baxmayaraq, qərblilər silah və maliyyə yardımı göstərməklə bu rejimi dəstəklədilər. Bəs onlar, Fələstin və Livan xalqlarının dini, milli və qonşuluq ortaqlıqlarının olduğu bir halda Hizbullahın Qəzzadakı soyqırıma biganə qalmasını necə gözləyirlər? Bütün hüquqi və beynəlxalq mexanizmlərin təsirsiz qaldığı vaxtda müqavimət aparmaq, Hizbullahın Qəzza və Livan xalqına kömək etmək üçün yeganə vasitəsidir.

- Bu ay Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bağlı fikrinizi bilmək istərdik.

- Mən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu keçirilməsi münasibətilə Azərbaycan hökumətini təbrik edirəm. İran İslam Respublikasının vitse-prezidenti, İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri bu iclasda iştirak edib. Bu iclas çərçivəsində İran İslam Respublikasının vitse-prezidentinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yaxşı ikitərəfli görüşü keçirildi və bu görüşdə İran-Azərbaycan arasında ikitərəfli əməkdaşlıq məsələləri barədə müzakirələr və fikir mübadiləsi aparıldı. Həmçinin, İranın müxtəlif dövlət və özəl sektor orqanlarından və İran Parlamentindən nümayəndə heyətləri də COP29-da iştirak edib. Mən bu sessiyasını uğurlu bir tədbir hesab edirəm. Bu tədbirin keçiriləcəyi yerin hazırlanması məqsədilə İran İslam Respublikası üzərindən Azərbaycan Respublikasına lazımi avadanlıqların gətirilməsinin asanlaşdırılmasına və sürətləndirilməsinə kömək edə bildiyimiz və bu uğurda bizim də pay sahibi olduğumuz üçün çox şadam.

Sonda, Azərbaycan hökumətinə və əziz Azərbaycan xalqına daha böyük uğurlar arzulayıram.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Chosen
32
apa.az

1Sources