EN

“Santuşun gəlişindən sonra yığmamızda dəyişiklik olmadı”

Azərbaycan yığmasının sabiq futbolçusu, “Qarabağ”ın U-15 komandasının baş məşqçisi Rauf Əliyevin futbolinfo.az saytına müsahibəsi

– AFFA-nın İntizam Komitəsi U-15 Liqasında Turan Tovuz FK ilə keçirilən oyunda hakimləri təhqir və təhdid etdiyinizi, oyunboyu onların ünvanına təhqiramiz ifadələr səsləndirdiyinizi əsas gətirərək sizə 5 oyunluq cəza və 500 manat cərimə tətbiq edib. Bununla bağlı nə deyə bilərsiniz?

– Cəzadan xəbərim var. Yazıblar ki, hakimləri təhqir və təhdid etmişəm. Amma hakim özü o görüşdə hansı oyunlardan çıxıb, özləri görüb. Biz tərəfdən də çəkiliş olub. Hakimin oyundan sonra məni pis sözlə çağırması da çəkilişə düşüb. Ümumiyyətlə, uşaq liqalarındakı hakimlər AFFA tərəfindən nəzarətə götürülsə, daha yaxşı olar. Çünki uşaq liqalarındakı hakimlik çox acınacaqlı vəziyyətdədir. Oyunda bizim uşaqların üstünə qışqırırdı, buna görə etirazı bildirdim. Futbolçularla normal şəkildə danışmırdı. Elə qışqırırdı ki, uşaqlar qorxurdular. Məhz buna görə ona etiraz etdim. Bundan sonra bir az dilləşdik, vəssalam. Söhbət belə olub.

– Vaxtilə formasını geyindiyiniz milli komandamızın Millətlər Liqasında Estoniya ilə matçdakı (0:0) çıxışını necə dəyərləndirirsiniz?

– Estoniya yığmamızdan iki görüşdə 4 xal aldı. Fikrimcə, onlarla hər iki oyunda komandamızda bitiricilik çatışmadı. Qəbələdəki matçda da qol epizodlarımız var idi, amma fərqlənə bilmədik. Bir az da istəkli olsaydıq, bəlkə də qalib gələ bilərdik.

– Necə düşünürsünüz, Mahir Emreli, Renat Dadaşov və Emin Mahmudovun yoxluğu nəticəyə təsir etdi? Onlar oynasaydılar, qələbə qazana bilərdik?

– Bəli, onlar olsaydılar, meydandan qələbə ilə ayrılardıq. Hər üçünün yoxluğu hiss olundu.

– Yığmamızın Millətlər Liqasında 5 oyunda cəmi 1 xal qazanması haqda nə deyə bilərsiniz? Bu qədər uğursuz çıxışı gözləyirdiniz?

– Əlbəttə ki, bu, yaxşı nəticə deyil. Daha çox xal toplamaq mümkün idi. Xüsusən də Estoniya güclü rəqib deyil. Onlardan xallar almalıydıq.

– Bu gün İsveçlə keçiriləcək oyundan gözləntiniz nədir?

– Səfərdə oynayacağıq. Millimizin bu görüşdə qələbə qazanması çox çətin görünür. Fikrimcə, yığmamız İsveçə böyük hesabla uduzmasa, yaxşıdır. Səfərdə qeydə alınacaq heç-heçə də bizim üçün yaxşı nəticə olar.

– Fernandu Santuş millimizə böyük ümidlərlə gətirilsə də, hələ heç nə edə bilmir. Yığmamız hazırda Millətlər Liqasında D liqasına düşmək üzrədir…

– Uğursuz nəticələrə görə ilk qınanan şəxs baş məşqçi olur, təzyiqlər ona yönəlir. Amma futbolçularımızdan da çox şey asılıdır. Legioner həyatı yaşayan oyunçularımız var. Çox vaxt deyirik ki, indiki dövrün futbolçuları, hazırkı heyət daha yaxşıdır. Ancaq bunu hələ nəticədə görə bilmirik. Milli üzvləri yığmanın düşərgəsinə gələndə haraya gəldiklərini dərk etməlidirlər. Yığmada oynayırsansa, bütün gücünü meydanda qoymalısan. Artıq Santuş təyin olunub, onu tez bir zamanda yola salmayacaqlar. Məncə, Santuşdansa gənc, yerli məşqçi təyin olunsaydı, milliyə daha çox xeyir verırdi. Fakt budur ki. Santuşun gəlişindən sonra yığmamızda elə bir dəyişiklik olmadı.

AĞA

Chosen
31
futbolinfo.az

1Sources