Alman futbolunun əfsanəsi Lotar Matteus “Bayern”in alman yarımmüdafiəçisi Camal Musialanı ulduz hücumçu Lionel Messi ilə müqayisə edib.
Arena.az “90min” dərgisinə istinadən, Matteusun bu barədə fikrini təqdim edir:
“Düşünürəm ki, Messinin tavanı olmadığı kimi, Musialanın da tavanı yoxdur. O, təkcə idman məqsədləri üçün deyil, həm də “Bayern”in siması olaraq gərəklidir. Bəzi oyunçular tezliklə gedəcəklər. O isə beynəlxalq marketinq tədbirinin siması kimi gərəklidir. Bu, pulla alına bilməyəcək bir dəyərdir”, deyə Lotar Matteus vurğulayıb.
Xatırladaq ki, “Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Musiala “Bayern”in heyətində 14 oyun keçirib, 9 qol vurub, 4 məhsuldar ötürmə verib. Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 177 oyun, 52 qol və 35 məhsuldar ötürmədən ibarətdir.
Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.
Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 37 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.