EN

Külli miqdarda qızılı Azərbaycana keçirmək istədi - Cinayət işi AÇILDI

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Səbinə Sabir qızı Əliyeva, Kəmalə Məmməd qızı Məmmədova və Səbinə Ravil qızı Nəsibovanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib. Məlum olub ki, Kəmalə Məmmədova Səbinə Nəsibova və Səbinə Əliyeva vasitəsilə dəyəri 101 min manat olan 1 kiloqrama yaxın qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyib. Belə ki, "Duty Free"nin əməkdaşı Səbinə Nəsibova Kəmalə Məmmədovanın Türkiyədən gətirdiyi qızıl-zinət əşyalarını qanunsuz yolla Heydər Əliyeva adına Hava Limanının gömrük keçid məntəqəsindən keçirərək Kəmalənin özünə ötürməli olub. Ancaq alınmayıb və qızıllar Səbinənin gizlətdiyi dolabda aşkar olunub.

Kəmalə Məmmədova sərbəst ifadə verərək bildirib ki, Türkiyəyə köçmək istəyib, ancaq qayınanası ürək əməliyyatı keçirdiyindən köçə bilməyib. Ona görə, Səbinə Nəsibova vasitəsilə 896 qram qızıl-zinət əşyalarını qanunsuz yolla Türkiyədən Azərbaycana keçirmək istəyib:

"Səbinə Nəsibovanı Karqo şirkətinin rəhbəri Sahil müəllim vasitəsilə tanımışam. Danışdım Səbinə ilə, o dedi ki, 25 qramdan artıq qızılı ancaq rəsmi yolla keçirmək olur. Bəyannamə yazılacaq, nə rüsum deyəcəklər, onu da mənə bildirəcək. Söylədi ki, onun da "hörmətini" ayrı edərəm. Səbinə Əliyevanı isə tanımamışam. Qızılı Türkiyədən Bakı şəhəri, Nərimanov rayonunda olan evimizi satıb almışam".

Təqsirləndirilən şəxs Kəmalə Məmmədovanın verdiyi ifadəsində ziddiyyətlər olduğundan onun ibtidai istintaqda verdiyi ifadəsi hakim tərəfindən elan olunub. Məlum olub ki, Kəmalə həmin qızıl-zinət əşyalarını İstanbul şəhərində mağazadan alıb. Qızılları isə İstanbulda mağazanın satıcısı kuryer vasitəsilə Səbinəyə göndərib.

Məhkəmə prosesi 17 dekabr tarixinə kimi təxirə salınıb.

Qeyd edək ki, hər üç qadın barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işində zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.

Chosen
5
13
avtosfer.az

10Sources