EN

Freddi Quarin özünü 17-ci mərtəbədən niyə atıbmış?

Kolumbiya yığmasının keçmiş mərkəz yarımmüdafiəçi Freddi Quarin spirtli içki qəbulu ilə bağlı fəsadlarından söhbət açıb.

Arena.az “Calciomercato” dərgisinə istinadən, keçmiş futbolçunun bu barədə xatirəsini təqdim edir:

“Mən hər axşam ərzində 50-70 şüşə pivə “gillədirdim”. Adrenalin almaq üçün macəra axtarırdım, özümü açıb-buraxmış, vəziyyətə nəzarəti tamamilə itirmişdim. 10 gün dalbadal “vururdum” və əlimdə bir şüşə pivə ilə oyanardım. Ən qorxulusu? Mən çoxmənzilli evin 17-ci mərtəbəsində yaşayırdım və gerçəklikdən o qədər uzaq düşmüşdüm ki, bir gün eyvandan aşağı atıldım. Bəxtim onda gətirdi ki, eyvanın altında məni geri atmış bir tor örtük vardı, amma mənim bundan xəbərim yox idi, sadəcə nə hoqqa çıxardığımı, nə qələt etdiyimi başa düşmürdüm. O an anladım ki, yenə o qədər içib sərxoş olsam, öləcəyəm. Ümidvaram ki, mənim bu hekayəm başqaları üçün ibrətamiz olacaq və bəzi insanların həyatını xilas edəcək”, deyə Quarin vurğulayıb.

Freddi Quarin ələlxüsus “Portu” və “İnter”də çıxışları ilə məşhurlaşıb. “İnter”lə heç bir qənimət qazanmasa da, “Portu” ilə Quarin 3 Portuqaliya çempionluğu, 3 Portuqaliya Kuboku, 2 Portuqlaiya Super Kuboku və Avropa Liqasını qazanıb.

Quarin Kolumbiya yığmasının heəytində 58 oyun keçirib, 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Hazırda 38 yaşı olan Quarin futbolçu karyerasına 2021-ci ildə xitam verib.

Chosen
15
arena.az

1Sources