EN

Mina terroru təkcə insanları deyil, həm də ekologiyanı məhv edir

Bu gün Azərbaycan işğal dönəmində ərazilərinin Ermənistan silahlı qüvvələrinin minalarla çirkləndirilməsi problemindən əziyyət çəkir. Məlumat üçün bildirək ki, ölkə ərazisinin təxminən 12 faizində haylar  tərəfindən basdırılmış mina və naməlum sayda partlamamış hərbi sursatlar vardır. Onlar da can almaqdadır. Təkcə bir faktı xatırladaq ki, İkinci Qarabağ müharibəsindən bu günədək 380-dən çox şəxs mina qurbanı olub.  Sonuncu dəfə mina partlayışı hadisəsi noyabrın 10-da baş verib. Həmin gün Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Mina terroru təkcə soydaşlarımıza deyil, ekologiyamıza da divan tutur.  Belə ki, həmin partlayıcı sursatlar təsadüfən və ya minatəmizləmə əməliyyatları zamanı partladıqda ağır metallar və digər toksinlər torpağa və havaya yayılaraq onu çirkləndirir. Bu kimyəvi çirklənmə flora və faunaya, o cümlədən kənd təsərrüfatına uzunmüddətli risklər yaradır, meşələrin bərpasını və əkin torpaqlarının bərpasını çətinləşdirir. 

Bütün bunlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)  çərçivəsində keçirilən bir sıra tədbirlərdə geniş müzakirə edilir. Məsələn, ANAMA və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “Cığırın Təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə” mövzusunda keçirilən tədbirdə ölkəmizin azad edilmiş ərazilərində haylar tərəfdən basdırılan təxminən 1.5 milyona yaxın minanın ətraf mühitə dağıdıcı təsirləri diqqətə çatdırılıb. Qeyd edilib ki, minalardan təmizləmə təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda iqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün əsas şərtdir.  Çünki minaların ekosistemlərə, biomüxtəlifliyə və təbii ehtiyatlara təsirləri ekoloji böhranın yaranmasına gətirib çıxarır.

“Yaşıl Zona”da yerləşən Milli QHT Forumu pavilyonunda isə “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Azərbaycanda mina qurbanlarına həsr olunan fotosərgi təşkil edilib. “Düyməni sıxan ayaqlar” adlı sərgini ziyarət edən şəxslərə bu günə qədər davam edən mina terroru, eləcə də onun ekoloji fəlakətləri haqqında ətraflı məlumatlar verilib. Ölkəmizin işğaldan azad olunmuş ərazilərindəki mina təhdidi ilə mübarizə səyləri xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə  görüşündə də ətraflı müzakirə edilən mövzulardan olub.

 Göründüyü kimi, rəsmi Bakı işğaldan azad edilmiş ərazilərə qayıdışı çətinləşdirən, ekologiyaya ziyan vuran mina probleminin ciddiliyini hər fürsətdə gündəmə gətirir. Bununla da problemin beynəlxalq aləmdə müzakirə predmetinə çevrilməsinə çalışır. Yeri gəlmişkən qeyd edək ki, ölkəmiz işğal altındakı torpaqlarını özü azad etdiyi kimi, mina təhlükəsinə qarşı da demək olar ki, təkbaşına mübarizə aparır. Bir faktı xatırladaq ki, bu prosesdə beynəlxalq ianələr ümumi maliyyələşmənin yalnız 4,4%-ni təşkil edir.

Şübhəsiz, mina probleminin dünyanın ən mühüm tədbirlərinin birində bu və digər formada qaldırılması diqqətə layiqdir. Bu mənada COP29 çərçivəsində Ermənistanın mina terrorunun fəsadlarının xüsusi qabardılması ölkəmizin üzləşdiyi problemin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bir daha xatırladaq ki, bütün bunlar Azərbaycanda və regionda ekoloji tarazlığı pozmaqla yanaşı, insanların dinc və təhlükəsiz şəraitdə yaşamalarına, doğma yurdlarına daha tez zamanda qayıtmalarına, infrastrukturun sürətli bərpasına mane olur. Bütün bu çətinliklərə baxmayaraq, Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş qaçqın və məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar. Demək olar ki, hər həftə soydaşlarımızın doğma yurd-yuvalarına dönmələrinə dair məlumatlar verilir.

 Bəli, bu tədbirlərdə minatəmizləmə əməliyyatlarının yalnız humanitar deyil, həm də ekoloji önəmi qeyd edilməklə yanaşı, Ermənistanın minaladığı ərazilərimizin tam və dəqiq xəritələrini hələ də Azərbaycana verməməsi, dövlətimizin öz resursları ilə çox geniş miqyasda minatəmizləmə fəaliyyətini həyata keçirməsi vurğulanır. Bu məsələdə  qlobal dəstəyin az olduğu, həm də  təcavüzkar ölkənin sülh və sabitlik tərəfdarı olmadığı, beynəlxalq hüquqa zidd mövqe tutduğu  bir daha beynəlxalq aləmə təqdim olunur. Bu mənada əminliklə demək olar ki,  Azərbaycan basdırılmış minaların COP29 kontekstində yalnız insanları deyil,  ekologiyanı da məhv etdiyini beynəlxalq aləmin diqqətinə çatdıra bilir. Şübhəsiz, bunu da Azərbaycanın növbəti uğuru kimi dəyərləndirmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Chosen
51
ikisahil.az

1Sources