EN

Elvin Cəfərquliyevin müəmmalı “sarı”sı: məcburiyyət, yoxsa... – YAZI

Qəbələdə keçirilən Azərbaycan – Estoniya matçının 89-cu dəqiqəsi: hücumları davam etdirən yığmamız irəli atılır. Bu anda qol buraxmaq ehtimalımız sıfra bərabərdi. Elvin Cəfərquliyev meydanın rəqibə aid hissəsində İoan Yakovlevə qarşı kobud qayda pozuntusuna yol verir. Ardından Con Biton haqlı olaraq azərbaycanlı müdafiəçiyə sarı vərəqə göstərir. Nəticədə cəzalı duruma düşən Cəfərquliyev İsveçlə həlledici oyunda iştirak hüququndan məhrum olur. Üstəlik estoniyalı futbolçunun fürsətdən istifadə edərək yerdə qalması, qızıldan qiymətli vaxt qazanması üçün fürsət yaranır.

Təbii ki, bu məqamda ortaya belə sual çıxmaya bilməz: Elvinin cəzalı duruma düşəcəyindən xəbəri yox idi? Yoxsa məcburiyyətdən kobud səhvə yol verdi? Bəlkə İsveçlə matçda iştirak edib-etməməmək onun üçün önəmli deyil?
Elvinin həm yığmanın, həm də “Qarabağ”ın aparıcı futbolçusu, bu gün üçün bəlkə də “1 nömrə” olduğunu nəzərə alsaq, bu epizod üzərində bir qədər baş sındırmağa dəyər.

Millimizin hücuma atıldığını qeyd etdik. Ramil Şeydayev Aleksey İsayevin uzaqdan ötürməsini qəbul etsə də, Markus Soometslə təkbətək mübarizədə topu itirdi. Rəqib dərhal Yakovlevə ötürmə verdi. Ardınca Elvin onun topu hücum etməyə hazırlaşan Soometsə çatdırmasına mane olmaq istədi. Bacarmadı və top Soometsə çatdı. Belədə estoniyalı irəli qaçmağa başlayırdı ki, Elvin topsuz Yakovlevi yerə yıxdı.

Cəfərquliyevin heç bir halda doğru addım atmadığını deyə bilərik. Ona görə ki, öndə Soometsə mane ola biləcək altı futbolçumuz var idi. Yakovlev topsuz olduğu, artıq ötürmə verdiyi halda, ayağını tapdalamaq peşəkar futbolçuya heç cür yaraşmır. Qısası, Elvin qaydanı pozmasaydı, millimiz üçün ciddi təhlükə yaranmayacaqdı. Sarı vərəqənin nəticəsi yalnız İsveçlə oyunda meydana çıxmamaq oldu.

Deməli, yuxarıda ünvanladığımız üç sualdan ikincisinin cavabını tapdıq. Onun cəzalı duruma düşücəyindən xəbərsiz olacağı da inandırıcı görünmür. Belədə yalnız inanmaq istəmədiyimiz ehtimal qalır...

KƏNAN BAHADIR

Chosen
34
football-plus.az

1Sources