EN

Xoşbəxt uşaqlığın nə olduğunu bilməyənlər...

Ümumdünya Uşaq Hüquqları Günüdür!

Hər bir uşağın müdafiə olunmaq hüququ var. Bu gün uşaqların sağlam və təhlükəsiz şəraitdə böyüməsi dünya ölkələrini düşündürən məsələlərdən biridir. Uşaqlar sürətli şəkildə baş verən fiziki və psixoloji inkişaf nəticəsində yaşamaq və inkişafla bağlı yetkin insanların sahib olduqlarından daha fərqli ehtiyaclara malikdirlər. Onlar xüsusilə zorakılıq, istismar və sui-istifadə hallarına qarşı daha çox həssasdırlar. Uşaqların həyatına və firavanlığına təhlükə olan qüvvələrə təkcə erkən uşaqlıq dövründə təsadüf olunmur. Onlar getdikcə daha müdafiəsiz olur, çünki çox vaxt hüquqlarından məhrum edilirlər.

250 milyondan çox azyaşlı işləyir

Təəssüf ki, bəzi hallarda uşaqların vaxtından əvvəl fiziki əməyə cəlb olunması halları ilə qarşılaşırıq. Onların sağlamlığına və gələcək inkişafına böyük zərbə vuran bu vəziyyət, yəni qeyri-qanuni əməyə cəlb edilmələri bütün dünyada aktual problem olaraq qalmaqdadır.

Uşaq Hüquqları Konvensiyasına görə, uşaq əməyinin istismarı qadağan olunub. Buna baxmayaraq, dünyada elə ölkələr var ki, orada zavodlarda, fabriklərdə və fermer təsərrüfatlarında uşaq əməyindən istifadə edilir. Bu gün iqtisadiyyatı zəif olan ölkələrdə 250 milyondan çox azyaşlı uşaq işləyir.

İlk yeri bu ölkə tutur...

Beynəlxalq təşkilatların məlumatlarına görə, dünyada uşaq əməyinin istismarına Asiya ölkələrində 153 milyon, Afrikada 80 milyon, Cənubi Amerika ölkələrində isə 17 milyona qədər azyaşlı uşaq məruz qalır. Həmin uşaqlar dözülməz şəraitdə işlədilir və bir çox hallarda onlar öz sağlamlıqlarını itirirlər. Əksər hallarda azyaşlılar hərbi konfliktlərə cəlb edilirlər.

Uşaq əməyinin istismarı hallarının 69 faizi kənd təsərrüfatı sahəsinin payına düşür. Uşaqlar bu sahədə əsasən tütün, pambıq, düyü və kakao yığımında istifadə olunurlar. Myanma uşaq əməyinin istismarına görə ilk yeri tutur.

Bundan başqa, Hindistan, Braziliya, Banqladeş, Çin, Filippin, Nepal, Somali, Şimali Koreya, Şri-Lanka, Əfqanıstan və Pakistan da bu siyahıya daxildir.

İş yerlərinin bölünməsi

Myanmada 7 yaşına çatmış hər üç uşaqdan biri işləyir. Bu uşaqlar çox ağır işlərdə çalışırlar. Yaxın günlərə qədər uşaq əməyi hərbi sahədə də istifadə edilirdi. Uşaqlar orduda təmizlik işləri və yük daşımaqla məşğul olurdular. Bundan başqa, uşaqlardan canlı sipər kimi də istifadə olunur. Beynəlxalq təşkilatların təzyiqindən sonra Myanma uşaq əməyini yüngülləşdirməyə məcbur edilib. İndi bu ölkədə uşaqlar yalnız tikinti sahəsində çalışırlar.

Tikinti sahəsində 8 yaşlı qız uşaqları 20 kiloqramlıq sementlə dolu qabları daşımağa məcbur edilirlər. Bu sahədə əsasən ailəvi çalışırlar və əmək haqları da valideynlərə verilir. İşləmək məcburiyyəti bu ölkədə azyaşlı uşaqların 40 faizini təhsil almaq imkanından məhrum edib. Əgər azyaşlı uşaqlar valideynləri tərəfindən başqa ölkəyə satılırsa, belə uşaqlar şanslı uşaqlar sayılırlar.

Çay plantasiyalarında çalışmaq uşaqlar üçün təhlükəsiz və perspektivli iş sayılır. Hindistanda uşaq əməyindən qızıl mədənlərində, kakao yığımında və paltarların tikilməsində istifadə edilir. Bu ölkədə kasıb ailələr öz uşaqlarını 5 yaşından qul kimi satırlar.

Banqladeşdə 18 yaşına qədər insanların 18 faizi günü 1 dollara yaşamağa məcburdur. Bu ölkədə 12 saat uşaq əməyinə görə 1,7 dollar pul verilir. Dünyanın lider istehsalçıları da uşaq əməyindən istifadə edirlər. Hindistanın “Monsanta” korporasiyasını və Çinin “Peqatron Group” kompaniyasını buna misal göstərmək olar.

Milyonlarla uşaq dünyanın bir çox ölkəsində xoşbəxt uşaqlığın nə olduğunu bilmir. Onlar ölkələrinin iqtisadiyyatı zəif olduğu üçün işləməyə məcburdurlar.

Azərbaycanda vəziyyət necədir?

Ölkəmizdə uşaqlar, onların yaşına, sağlamlıq vəziyyətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olan əməklə məşğul olmaq hüququna malikdirlər. Bir qayda olaraq, işə düzəlmək üçün minimum yaş həddi 15-dir. 15-18 yaşında olan şəxslərlə əmək müqaviləsinin bağlanması zamanı isə valideynlərdən (qəyyumlardan) birinin yazılı razılığı olmalıdır. Orta ümumtəhsil məktəblərinin, peşə məktəblərinin, liseylərin, orta-ixtisas təhsil müəssisələrinin 14 yaşına çatmış şagirdləri sağlamlığa zərərsiz olan yüngül işlərin icrasına cəlb edilə bilərlər. Ancaq bu zaman onların valideynlərinin razılığı, dərsdənkənar vaxt ərzində istehsalat təcrübəsindən keçmək məqsədi əsas götürülür. Lakin 18 yaşına çatmamış şəxslər yaşın az, əmək bacarıqlarının və ya peşə səviyyəsinin aşağı olması səbəbi ilə işə qəbul edilməyə bilməzlər.

5 min manatadək cərimə

Azərbaycanın bu sahədə, hətta iqtisadiyyatı inkişaf etmiş ölkələrlə müqayisədə öndə olsa da, təəssüf ki, zaman-zaman uşaq əməyinin istismarı faktları ilə rastlaşırıq. Əmək Məcəlləsinə görə, 15 yaşına çatmamış şəxslərin işəgötürən tərəfindən işə qəbulu ilə əlaqədar vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək, hüquqi şəxslərə isə 3000 manatdan 5000 manatadək inzibati cərimə tətbiq edilir. Sağlamlığa zərər vura biləcək işlərə yetkinlik yaşına çatmamış işçilərin qəbulu isə ümumiyyətlə qadağandır. 18 yaşına çatmamış şəxslərin ezamiyyətə buraxılması, istirahət və bayram günlərində işə çıxarılması, iş müddətindən artıq işlədilməsi, gecə işlərinə və yeraltı işlərə cəlb edilməsi də, həmçinin qanunla qadağandır.

Qeyd edək ki, bu gün Ümumdünya Uşaq Hüquqları ?ünüdür. BMT Baş Məclisi 1954-cü ildə bütün ölkələrə dünya uşaqlarının qardaşlığı və həmrəyliyi günü kimi bayram edilməsini tövsiyə edib. Həmin gün bütün dünyada uşaqların firavanlığının təmin edilməsinə yönəldilmiş fəaliyyətə həsr olunub.

BMT hökumətlərə uşaqlar gününün onların hər birinin məqsədəuyğun saydığı hər hansı gündə bayram edilməsini təklif edib. BMT-nin Baş Məclisi 1959-cu il noyabrın 20-də Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin tarixində isə Uşaq Hüquqları Konvensiyasını qəbul edib.

Yeganə BAYRAMOVA

1Sources