EN

Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərdə yaşıyır - Muxtar Babayev

Bakı, TurkicWorld

Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərdə yaşıyır. Bu rəqəmin 2050-ci ilə qədər təxminən 70%-ə yüksələcəyi proqnozlaşdırılır.

TurkicWorld xəbər verir ki, bu barədə COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətinə dair yüksək səviyyəli açılış mərasimi" zamanı çıxışında deyib.

O qeyd edib ki, proqnozlara görə, yaxın 5-7 ildə şəhər əhalisinin 500 milyon nəfərdən çox artacağı gözlənilir ki, bu da öz növbəsində şəhər infrastrukturuna, o cümlədən elektrik və su təchizatı, nəqliyyat, kanalizasiya sistemi və yollara daha da böyük təzyiq göstərəcək.

"Şəhər mərkəzləri qlobal CO2 emissiyalarının 70%-dən çoxuna məsuldur. Şəhər sakinlərinin əhəmiyyətli bir hissəsi iqlimin təsirinə çox həssas olan ərazilərdə yaşayır. 2050-ci ilə qədər alçaq şəhər və qəsəbələrdə bir milyarddan çox insan dəniz səviyyəsinin qalxması riski ilə üzləşəcək.

Bu gün COP29-un Prezidentliyi Çoxsahəli Fəaliyyət Bəyannaməsini – Dayanıqlı və Sağlam Şəhərlər üçün Yollar elan etməkdən məmnundur. Bu təşəbbüs çoxsəviyyəli tədbirləri uyğunlaşdırmaq, şəhər məkanlarını davamlılıq və iqlim liderliyi mərkəzlərinə çevirmək üçün nəzərdə tutulub. Bu, milli hökumətləri özəl və ictimai maraqlı tərəflərlə birlikdə qüvvələri birləşdirməyə və bu məqsədlərə doğru yaxından işləməyə çağıran aydın fəaliyyətə çağırış kimi xidmət edir. Çox səviyyəli əməkdaşlıq vacibdir. Milli siyasətlər yerli səviyyədə həyata keçirilə bilən strategiyalara çevrilməlidir", - o bildirib.

M.Babayev qeyd edib ki, şəhərlər və regionlar öz unikal və spesifik kontekstlərinə uyğun olaraq hazırlanmış iqlim həllərini həyata keçirmək üçün alətlərə, maliyyə vəsaitlərinə və səlahiyyətlərə ehtiyac duyurlar.

"Şəhər iqliminin maliyyələşdirilməsi də mühüm məsələdir. Şəhər infrastrukturuna, enerjiyə qənaət edən binalara və dayanıqlı nəqliyyat sistemlərinə investisiyaların genişləndirilməsi innovativ maliyyələşdirmə mexanizmləri və daha güclü tərəfdaşlıq tələb edir", - deyə nazir bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
4
2
turkic.world

3Sources