EN

Deputat: “Azərbaycan döyüş meydanında, həm də siyasi müstəvidə qələbə qazanıb”

Elmi-arxeoloji tədqiqatlar nəticəsində sübut olunub ki, Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələrə malik yerlərdən biri olub. Həmçinin məlumdur ki, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək məqsədilə kiçik qalalar inşa ediblər. XVIII əsrin birinci yarısında qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə göstəriş verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Təəssüflər olsun ki, 30 illik işğal dövründə işğal altındakı digər ərazilərimizdə olduğu kimi, Ağdamın əksər tarixi-mədəni abidələri də erməni vandalları tərəfindən dağıdılıb və talan edilib. Prezident İlham Əliyev çıxışlarının birində Ağdamın məruz qaldığı dağıntılar və bu şəhərin yenidən dirçəlişi barədə fikirlərini səsləndirərək deyib: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Bu gün artıq təkcə Azərbaycan deyil, bütün dünya dövlətimizin başçısının dediklərinin necə reallaşdığının şahididir.

Bunu Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov söyləyib.

Ölkəmizin 30 il ərzində məruz qaldığı ikili standartlar siyasətindən danışan deputat qeyd edib: “Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il iyulun 23-də təəssüf ki, rayon ərazisinin 73 faizinin işğalı ilə bitdi. Rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu, 128 min insan məcburi köçkün həyatını yaşamaq məcburiyyətində qaldı. Döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı. İlk baxışda Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupuna üzv 9 ölkə adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir”. Hətta 1993-cü il iyulun 29-da BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamədə də “işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələbi əks olunmuşdu. Lakin öz havadarlarına arxalanan Ermənistan beynəlxalq qanunlara tabe olmaqdan yayındı. İşğalçı ölkə nəinki BMT qətnamələrini icra etmədi, əksinə, hətta Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq rayonda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi. Nə BMT, nə də digər səlahiyyətli beynəlxalq qurumlar Ermənistanın hərbi təcavüz və işğal yolu ilə ərazi əldə etməsi niyyətlərinə qarşı çıxmadı”.

O qeyd edib ki, nəhayət 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə növbəti erməni təxribatlarının qarşısını almaq və Vətən torpaqlarını işğaldan azad etmək məqsədilə bütün cəbhə xətti boyunca əks hücuma keçdi. “44 gün davam edən İkinci Qarabağ savaşı ölkəmizin tam və qəti Qələbəsi ilə başa çatdı. Qeyd olunmalıdır ki, Azərbaycan bu müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb. Vətən müharibəsində qazandığımız Zəfər nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Böyük siyasi və mənəvi önəm kəsb edən məqamlardan biri də Prezident İlham Əliyevin tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüsləri və bu məqsədlə atılan addımlarla bağlıdır. Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən olunub”, – deyə deputat vurğulayıb.

Chosen
30
1
xalq.az

2Sources