Respublikamızda ən qədim tətbiqi sənət növlərindən olan xalçaçılığın inkişafı diqqət mərkəzində saxlanılır. Azərbaycan dövləti xalçaçılığın inkişafına dəstək tədbirlərini gücləndirməklə regionlarda iqtisadi aktivliyi təmin etmək, xarici bazarlara qeyri-neft sektorundan ixrac həcmlərini artırmaq kimi məqsədləri hədəfləyib. Regionlarda xalçaçılıq üzrə yeni istehsalatların fəaliyyətə başlaması bunun əyani sübutudur. Bu gün elə bir bölgə yoxdur ki, orada xalçaçılıq sexləri fəaliyyət göstərməsin. “Azərxalça” ASC-nin Lənkəran filialı da onlardan biridir.
AZƏRTAC xəbər verir ki, modern üslubda zərif ipək xalçalara dünya bazarında maraq və tələbat çoxdur. “Azərxalça”nın Lənkəran filialının direktoru Nargilə Qənbərova deyir ki, bu amil nəzər alınaraq bir ilə yaxındır ipək xalçalar da toxuyurlar: “Həmişə yun xalçalar toxuyardıq. İndi yunla qarışıq ipək xalçalara tələbat daha çoxdur. Çünki onun alıcısı var. Xarici bazarda da yaxşı alınır. Bu vaxta qədər bizim seximizdə təxminən 30-a yaxın ipək xalça toxunub. Hamısı da yüksək keyfiyyətlə, alıcılar da razı qalıblar”.
COP29-la bağlı ölkəmizə minlərlə turistin gəlməsi milli suvenirlərə tələbatı da artırıb. Bu məqsədlə Lənkəran xalça sexində 2 aydan çoxdur mini xalçalar da toxunur. Xalçaçı Aynurə İsmayılova bildirir ki, mötəbər tədbirlə bağlı ölkəmizə gələn minlərlə turist əsrarəngiz gözəlliyi və mədəniyyəti ilə dünyanın diqqətini çəkən Azərbaycandan miniatür xalçalar da alıb aparırlar. “Böyük xalçalarla yanaşı, kiçik xalçalar da toxuyuruq. Hazırda mini xalçalara üstünlük veririk. Çünki turistlər bu xalçaları asanlıqla apara bilirlər. Bunun özü isə bizim mədəniyyətimizin təbliği deməkdir. Bu da bizə qürur verir, sevindirir. Biz də zövq alırıq. Bu miniatür xalçalarımızın uzunluğu 12, eni 12 santimetrdir. Gün ərzində 2 belə xalça toxuyuruq”, - deyə o əlavə edib.
Xalçaçılıqda yüksək keyfiyyət əsas şərtdir. Buna görə də əvvəllər 100-dən çox işçinin işlədiyi sexdə indi 33 nəfər peşəkar, təcrübəli usta çalışır. Müəssisədə işləyən toxucular Lənkəran şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Toxucu Xanımnisə Abdullayeva xalçaçılıq üzrə bacarıq və vərdişlərini burada daha da təkmilləşdirib. O deyib: “Neçə ildir bu sənətdə işləyirəm, xalça toxuyuram. Artıq toxuduğum xalçaların sayını da itirmişəm. İndi də ipək xalça toxuyuruq. Qarabağ xalçasıdır, “Nəlbəki gülü” xalçası. İpək xalçaların satışı yaxşıdır, tələbat da var. Sənətimizi sevə-sevə yaşadırıq. Nənələrimizdən qalan ənənələrdir”.
İpək sapdan xalça toxumaq xeyli vaxt və diqqət tələb edir. Ölçüsü bir kvadratmetr olan ipək xalça 2 nəfər tərəfindən 3 aya toxunur. Sexdə demək olar ki, Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə aid xalçalar toxunur. Onların arasında Qarabağın tarixi xalça çeşniləri üstünlük təşkil edir.
Qeyd edək ki, 2018-ci ildən fəaliyyət göstərən sexdə bu günədək 1144 xalça toxun