EN

Azərbaycan millisi üçün biabırçı statistika və antirekordlar

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümündəki çıxışını biabırçı nəticə ilə başa vurdu.

Arena.az xatırladır ki, Fernando Santosun rəhbərlik etdiyi millimizin yarışdığı C Liqasının 1-ci qrupundakı nəticəsi acınacaqlı olub.

Keçirdiyi 6 oyunda cəmi 1 xal toplayan komandamız D Liqasına düşüb. Hansı ki, bu liqada Avropanın ən zəif 6 komandası yarışır. Tarixdə ilk dəfə həmin millilər sırasına Azərbaycan da qoşulacaq.

Azərbaycan millisinin statistik göstəriciləri də məyusluq doğurur. 54 komandanın yarışdığı Millətlər Liqasında Azərbaycan millisi ən az xal toplayan 5 komandadan biri olub:

Qazaxıstan (B Liqası) – 1 xal
Azərbaycan (C Liqası) – 1 xal
Andorra (D Liqası) – 1 xal
Finlandiya (B Liqası) – 0 xal
Litva (C Liqası) – 0

Yarışda milli komandamız cəmi 3 qol vurub ki, bu nəticə ilə yalnız 43-cü yeri tuta bilib.

Bundan başqa, Azərbaycan millisi ən çox qol buraxan (17) 2 komandadan biri olub. Eyni məyusluğu yaşamış digər komanda A Liqasında mübarizə aparmış Bosniya və Herseqovina yığmasıdır (17).

Vurulan və buraxılan qollar arasındakı göstəricidə də bizimkilərin nəticəsi yalnız təəssüf doğurur:

Qazaxıstan – 0 qol vurub, 15 qol buraxıb (-15)
Azərbaycan – 3 qol vurub, 17 qol buraxıb (-14)
Bosniya və Herseqovina – 4 qol vurub, 17 qol buraxıb (-13)

Millimizin antirekordları

Tarixdə 4-cü dəfə təşkil olunan UEFA Millətlər Liqasında ən pis göstəricisinə imza atmış yığmamızın antirkordlarının siyahısına nəzər salaq:

  • Yığmamız ilk dəfə Millətlər Liqasında qrupda sonuncu yeri tutmaqla aşağı dəstəyə düşüb.
  • Millimiz ilk dəfə turnirin qrupunda qələbə qazanmayıb.
  • Yığmamız keçirdiyi 6 oyunun beşində uduzmaqla antirekorda üzülüb.
  • Əvvəlki üç mövsümün 18 matçında ümumilikdə 14 qol buraxmış millimiz bu dəfə qrupda topu 17 dəfə qapısından çıxarıb.
  • Bunadək ən pis halda 6 xalı olan yığmamızın yeganə xalı Estoniya ilə heç-heçə sayəsində əldə edilib.
  • UEFA Millətlər Liqasının ümumi sıralamasında 47-ci olan yığmamız 6 il əvvəlki antirekordunu bir addım da pisləşdirib.

Yeri gəlmişkən, Azərbaycan millisi 10 ildən sonra 6 və ya daha çox top fərqi ilə uduzub. Yığmamız sonuncu dəfə 2014-cü il oktyabrın 13-də belə acınacaqlı məğlubiyyət almışdı. AÇ-2016-nın seçmə mərhələ oyununda Xorvatiya yığması millimizə Osiyek faciəsi yaşadıb. Həmin qarşılaşma millinin baş məşqçisi Berti Foqtsun istefası ilə nəticələnib. 10 il sonra Fernando Santos almaniyalı həmkarının uğursuz nəticəsini təkrarlasa da, Foqtsdan fərqli istefaya gedənə oxşamır.

Chosen
26
arena.az

1Sources