EN

"Başı kəsilən çolpa kimi ora-bura hoppanırlar" - Deputatdan Millinin oyununa sərt reaksiya

Xəbər verdiyimiz kimi, dünən futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında VI turun oyununda İsveçəyə böyük hesabla (6:0) uduzub. Azərbaycan yığması 6 oyundan sonra 1 xalla qrup sonuncusu olub.

Məğlubiyyətin səbəbləri ilə bağlı Bakupost.az -a danışan deputat Aqil Abbas bu matçın nəticəsini "biabırçılıq" adlandırıb:

“AFFA-nın rəhbərliyi, İcraiyyə Komitəsi dəyişdi, amma hər şey əvvəlki qaydadadır – toplananların yerini dəyişəndə cəm dəyişmir. Əldən düşmüş, heç kimə lazım olmayan xarici məşqçiləri gətirirlər, onlar da mentalitetimizi, mədəniyyətimizi bilmirlər. Ona görə də oyun belə alınır. Uşaqlar oynayırdılar, amma başı kəsilmiş çolpalar kimi ora-bura hoppanırdılar. Məşqçiləri yox idi, başları kəsilmişdi. Məşqçi oyun qura bilməmişdi. Özü də oyundan əvvəl demişdi ki, İsveçin oyununu təhlil etmişəm və ona uyğun oyun qurmuşam. Heç nə qurmamışdı”.

Deputat qeyd edib ki, futbolçular can yandırırsalar da, oyunları alınmadı:

“Çünki məşqçi yox idi. 10 nəfər oturmuşdu müdafiədə ki, top buraxmasınlar, o da gəlib belə bir hesabla nəticələndi. İndi futbolçuları günahlandırırlar ki, Nərimanın ayağına top ilişdi. Ola bilər, bu, futboldur. O dəqiqə düşürlər Nərimanın üstünə. Məşqçi olsaydı, normal oyun olardı. Oyunu uduzmaq olar, amma gərək oynayıb uduzasan. Futbolçularımız gəzməyə getmişdi. Görəsən, İsveçdəki maraqlı yerləri gəzə bildilərmi? Elə stadionda da gəzirdilər”.



Deputat bu məğlubiyyətin məsuliyyətinin birbaşa baş məşqçinin üzərində olduğunu vurğuladı:

“Özü də deyir ki, mən baş məşqçilikdən qürur duyuram. Amma mən və biz onunla qürur duymuruq. 1-2 il də belə gedəcək, sonra yeni bir baş məşqçi gətirəcəklər, 1-2 il də o belə edəcək. Azərbaycanda futbol olmayacaq”.

Rəhman, BakuPost
Chosen
12
1
bakupost.az

2Sources