EN

Müstəqil Azərbaycan kiçik ada dövlətlərinə dəstək göstərir

“Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işini uğurla davam etdirir. COP29 çərçivəsində müxtəlif, zəngin mövzular gündəmə gətirilir və müzakirə olunur. Məqsəd qlobal iqlim dəyişiklikləri ilə mübarizədə müəyyən nəticələr əldə etməkdir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, belə tədbirlərdən biri də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitidir. Məlumdur ki, kiçik ada dövlətləri isə qlobal iqlim dəyişikliyinin ən çox təsir etdiyi ölkələrdən sayılır. Bu dövlətlər çox vaxt geoloji olaraq dəniz səviyyəsindən aşağı ərazilərdə yerləşdikləri üçün qlobal iqlim dəyişmələrinin yaratdığı fəsadlardan əziyyət çəkir. Paralel olaraq atmosferə buraxılan çirkli qazların miqdarının artımı bu ölkələrə yan təsirlər buraxan əsas amillərdən sayılır. Həmin ərazilərdə təbii qanunauyğunluqlar pozulur, tez-tez yağışlar yağır, tufanlar, qasırğalar baş verir. Bir sözlə, iqlim təhdidləri kiçik ada dövlətlərinin varlığını aşkar şəkildə təhdid edir. Ortadakı təbii fəlakətlərə qarşı bu dövlətlərin reaksiyası isə güclü deyil – kiçik ada dövlətləri tropik fırtınaların, quraqlıqların və ekstremal hava şəraitinin yaratdığı iqlim şəraitinə qarşı çox həssasdırlar. Bu məsələlər onların kənd təsərrüfatı, içməli su ehtiyatları və insanların gündəlik həyatına ciddi təsir göstərir.
Millət vəkilinin sözlərinə görə, Sammitdə çıxış edən Prezident cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Azərbaycan fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib. 10-dan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksəksəviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər.
Pərvin Kərimzadə qeyd edib ki, özlərini demokratiyanın və insan haqlarının “beşiyi” hesab edən bəzi Qərb ölkələri təbiətə, ekologiyaya ciddi ziyan vururlar. Onlar müstəmləkəçi siyasətləri ilə insanlarla yanaşı təbiətə də qarşı soyqırımı törədiblər. Fransa və Niderlandın bu “siyasiəti” deyilənlərə sübutdur. Prezident cənab İlham Əliyevin Sammitdə qeyd etdiyi kimi, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik.
Dövlət başçısının dediyi kimi, həmin ölkələrin müstəmləkəsi altında olan xalqalara qarşı törədilən cinayətlər nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Prezident İlham Əliyev qeyd edib: “Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır. Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın”.
“Beləliklə, bu ölkələrdən fərqli olaraq Azərbaycan hər zaman haqqın və ədalətin tərəfdarıdır. Ölkəmiz neokolonializmdən əziyyət çəkən xalqların yanında olmaqda davam edəcək. Eyni zamanda, Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizədə kiçik ada dövlətlərinə mümkün dəstəyini davam etdirəcək”, – deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Chosen
20
8
sesqazeti.az

10Sources