EN

Tam enerji müstəqilliyinə keçid milli təhlükəsizliyin artırılması üçün vacibdir – Nazir müavini

Bakı, TurkicWorld

Litva 2050-ci ilə qədər tam enerji müstəqilliyinə nail olmağı və ölkə daxilində elektrik enerjisinin 100 faizini istehsal etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə Litvanın nəqliyyat və kommunikasiyalar nazirinin müavini Aqne Vayçükeviçüte (Agné Vaiciukevičiūtė) COP29 çərçivəsində keçirilən "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masada bildirib.

"Bu keçid dayanıqlığın gücləndirilməsi, xarici enerji mənbələrindən asılılığın azaldılması və milli təhlükəsizliyin artırılması üçün vacibdir.

Enerji müstəqilliyi iqlim dəyişikliklərinə uyğunlaşma səyləri ilə birləşir, çünki bu, dayanıqlı təcrübələri təşviq edir və bərpa olunan enerji mənbələrinə keçidi dəstəkləyir. Bu iddialı məqsədə sadiqlik enerji təhlükəsizliyi və iqlim dəyişikliyinə qarşı tədbirlərin bir-birini necə tamamladığını nümayiş etdirir və digər ölkələr üçün nümunə ola bilər", — deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
15
1
turkic.world

2Sources