EN

“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…”-Doğuşdan sonra komaya düşən qadın Bakıda öldü -

Doğuş zamanı və ya keysəriyyə əməliyyatından sonra gənc qadınların ölümü ilə bağlı statistika günü-gündən artır. Demək olar, hər ay mətbuatda ana və uçaq ölümü barədə xəbərlər çıxır. Amma bunlar hələ mətbuata sızanlardır. Real rəqəmlər isə bəlkə də daha çoxdur.

Bakupost.az xəbər verir ki, növbəti belə faciə Masallı Rayon Mərkəzi Xəstəxanasında yaşanıb. Belə ki, Yardımlı rayon sakini İntiqam Kərimovun qızı, 1995-ci il təvəllüdlü Elnurə Kərimli doğum şöbəsində ikinci övladını dünyaya gətirərkən komaya düşüb.



İ.Kərimovun bildirdiyinə görə, Elnurə hamiləliyi boyu sağlam olub, 1 ay öncədən xəstəxanada yoxlamadan, analizlərdən keçib, heç bir problem aşkarlanmayıb: "Yoxlayandan sonra dedilər ki, 1 həftə sonra gələrsiz. Doğuş vaxtı özü öz ayağı ilə getdi. Xəstəxananın Könül adlı ginekoloqu, Fikrət adlı cərrahı bildiridilər ki, artıq uşaq götürülməlidir, təbii doğuş yox, keysəriyyə edək. Şöbə müdiri Əminə Bəndəliyevadır. Qızımı yoldaşı, ailəsi əməliyyata aparıb, analizlər təmiz idi, problemsiz əməliyyata alınıb. Sonra mənə xəbər verdilər ki, oğlan uşağı oldu, normal, sağlamdır, amma ana ayılmadı. Biz xəstəxanaya getdik. Mən qızımı görəndə 90 % ölü kimi idi, oksigen balonuna qoşmuşdular. 2-ci sutkada gördük ayılmır, getdim baş həkim İlqar Məmmədovun yanına, dedim, uşaq yarımcandır, 2 sutkadır ayılmır, ağırdısa, Bakıya aparaq. Mənə dedi ki, yox, bu xəstə mənlikdir, indi götürmək olmaz, mən sağaldacam. Xəstə reanimasiyada demək olar ki, ölü idi. Məni arxayın etdi, aldatdı, qayıtdım kəndə. Gecə zəng etdilər ki, xəstə ağırdır, gəlin, Bakıya göndəririk. Soruşdum ki, niyə yubadıb indi aparırsız, axı mən vaxtında demişdim. Oksigen balonuna qoşulu halda cəmi 5% yaşayan insanı təcili yardımla gecəylə götürdülər Respublika Kliniki Xəstəxanasına. Mən qızımı gördüm, o, demək olar ki, ölmüşdü”.

İ.Kərimov deyib ki, Respublika Klinik Xəstəxanasında analizlər xəstənin bütün həyati orqanlarının sıradan çıxdığını göstərib: "Bircə ürəyi az da olsa, işləyirdi. Amma xəstəni yenə də reanimasiyada saxlayıblar. Lakin görülən tədbirlər fayda verməyib, xəstə noyabrın 4-də vəfat edib".



Ailənin ölüm səbəbini öyrənmək tələbinə isə “ekspertiza olmadan, cavab verə bilmərik” deyiblər. Adətən, çox zaman ailələr meyitin yarılmasının əleyhinə olduğu üçün bu söz həkimlərin bəhanəsinə çevrilib. Lakin İntiqam Kərimov qızının ölümündə həkim səhlənkarlığından şübhələndiyi üçün ekspertizaya razı olub. Ekspertizadan sonra övladını dəfn etməyə aparıb:
“Respublika Klinik Xəstəxanasının həkimləri də bizi yola verdi. Nə qədər təkid etdik ki, ölübsə, boş yerə aparatda saxlamayın, razıyıq, ayırın, verin balamızı. Bizə ancaq onu deyirdilər ki, ağırdır. Özü də Masallıdakı analizlərlə bu xəstəxanadakı cavablar tamam fərqli idi. Mən hesab edirəm ki, Masallıdan Bakıya elə meyit aparıblar. Bizi yalandan arxayın etdilər".


Şikayətçi ekspertizanın rəyinin hələ hazır olmadığını bildirib:

"Masallıda qızım ağırlaşanda prokurorluğa şikayət etdim ki, uşaq ölür. Bakıda vəfat edəndə Yasamal polisindən gəldilər. Şikayətimi etmişəm. TƏBİB-ə dəfələrlə zəng etmişəm ki, xəstəmizi öldürdülər, araşdırın, bizə kömək edin. Heç bir cavab yoxdur. Elə boş yerə ünvan, ad nömrə götürürlər. Heç saytlarda xəbər kimi də verilmədi. Hər şeyi gizlədirlər. Masallı xəstəxanasının baş həkimi, həkimləri bizi görüb qaçdılar, polisləri tökdülər ora ki, bizə hücum edəcəklər. Qızımın əməliyyatda qanına nə salıblar, beyninə qan sızıb, sepsis olub, bir söz deyən yoxdur. Gözünü heç açmadan getdi. “Respublikanski”də dedilər ki, bunu öldürüb gətirmisiz. Bilmirik, dərdimizi kimə deyək?! Mən həkim səhlənkarlığından şikayətçiyəm. Əgər onun problemi vardısa, əməliyyata niyə götürürdüz? Öncədən niyə demədiniz? Normal, sağlam ananı əməliyyata aldılar. O qədər ana ölümü olur ki... Amma gizlədirlər. Ailə aparıb meyiti dəfn edir, məsələ bitir. Niyə bu məsələlər araşdırılmır, niyə ana ölümlərinə son qoyulmur?!”.
Məsələ ilə bağlı Masallı Rayon Xəstəxanasının Könül adlı ginekoloq həkimi ilə əlaqə saxlasaq da, o, xəstənin adını eşidən kimi “Mən heç nə deyə bilmərəm, siz kimsiz ki, nəsə deyim” deyərək, dəstəyi qoydu.
Xəstənin vəfat etdiyi Respublika Kliniki Xəstəxanasından isə TƏBİB-ə sorğu göndərməyimizi tövsiyyə etdilər.

TƏBİB-dən isə hələlik sorğuya cavab verilməyib. Mövzunu diqqətdə saxlayacağıq.

Aygün Musayeva, BakuPost

Chosen
18
2
azia.az

3Sources