Sənaye ölkələri iqlim böhranı ilə mübarizəyə dair vədlərini yerinə yetirə bilmir. Trend xəbər verir ki, bu barədə Panamanın Ətraf Mühit Nazirliyinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Xuan Karlos Qomes Bakıda keçirilən COP29 sammitində milli bəyanatla çıxış edərkən bildirib.
Onun sözlərinə görə, onilliklərdir davam edən boş vədlərə baxmayaraq, karbon qazı emissiyaları ikiqat artıb və bəşəriyyət Yer üzündəki bütün canlıların yarısını məhv etmək yolundadır.
"32 il əvvəl biz bu böhranı həll etmək öhdəliyi götürdük, lakin onilliklərdir davam edən boş vədlərdən sonra emissiyalar ikiqat artdı və biz Yer üzündəki bütün canlıların yarısını məhv etməyə doğru irəliləyirik", — deyə Xuan Qomes bildirib.
O, 2010-cu ildə inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün hər il 100 milyard dollar vəsait ayrılması ilə bağlı vədin verildiyini xatırladıb. Lakin əvəzində bu ölkələr böyük borclara məruz qalıb və neftin istismarı davam etdirilib.