EN

Yaxın Şərq müharibə astanasında: “Savaş riski artır”

İranın xarici işlər naziri Abbas Əraqçi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ilə görüşü zamanı düşmənə güclərini nümayiş etdirmək üçün mümkün böyük silahlı münaqişəyə hazırlıq görməyə çağırıb.

Bu barədə TASS agentliyi yazıb.

“Müharibəyə hazırlıq bunun qarşısını alır. Əgər onun baş verməsinin qarşısını almaq istəyirsinizsə, gücünü göstərməli, döyüşə və müdafiəyə hazır olduğunuzu bəyan etməlisiniz. Bu, müharibənin qarşısını alacaq. Əgər siz qarşıdurmaya hazır olmadığınızı göstərən ən kiçik zəiflik nümayiş etdirsəniz, sizə müharibə tətbiq olunacaq”, - deyə Əraqçının mətbuat xidməti onun çıxışından sitatları paylaşıb.

“Biz bəyan etmişik ki, İsrail rejiminin İran İslam Respublikasına qarşı son əməliyyatı növbəti təcavüzdür. İranın 2 əməliyyatı müdafiə xarakteri daşıyırdı. İsrail rejiminin yeni təcavüzü cavab almağa layiqdir. Biz reaksiya vermək hüququmuzdan vaz keçməmişik. Biz bunun üçün vaxt seçəcəyik və lazım bildiyimiz kimi cavab verəcəyik”, - diplomat əlavə edib. 

Əraqçi vurğulayıb ki, İsrailin oktyabrın 26-da endirdiyi zərbəyə cavab olaraq “Doğru vəd 3” əməliyyatının keçirilməsi qərarı emosional olmayacaq.

Maraqlıdır, Rusiya ilə NATO arasında nüvə müharibəsinin baş verməsi ehtimal ərəfəsində Yaxın Şərqdə böyük müharibə gözlənilir?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, Rusiya ilə NATO arasında müharibə Yaxın Şərqi də münaqişə ocağına çevirəcək:

“Rusiya ilə NATO arasında birbaşa müharibə ehtimalı dünya siyasətində ən təhlükəli ssenarilərdən biridir, çünki bu, qlobal miqyasda ciddi nəticələrə gətirib çıxara bilər. Əgər belə bir münaqişə baş verərsə, xüsusilə də nüvə silahının istifadəsi ilə əlaqəli risklər artarsa, bu, Yaxın Şərq kimi strateji və həssas bölgələrdə gərginliyi daha da artıracaq.

Yaxın Şərqdə münaqişələr, dini və etnik ziddiyyətlər və enerji resurslarına nəzarət mübarizəsi ilə doludur. Rusiya və NATO arasında müharibə bu regiondakı mövcud münaqişələri daha da gücləndirəcək.

Digər tərəfdən Yaxın Şərq, xüsusilə İran və Körfəz ölkələri, dünya enerji bazarının mərkəzindədir. Nüvə silahının istifadəsi və ya qlobal gərginlik bu bazara təsir edərsə, Yaxın Şərqdə yeni enerji münaqişələri yaranması mümkündür.

İranın Rusiya ilə sıx əməkdaşlığı və İsrailin NATO üzvləri ilə tərəfdaşlığı bu iki ölkə arasında savaş riskini də artıra bilər.

Böyük güclərin diqqəti başqa yerlərə yönəldikdə, terror qrupları yaranan xaosdan istifadə edərək öz mövqelərini gücləndirə bilər.

Putinin nüvə silahına əl atması qlobal təhlükəsizlik sistemini tamamilə məhv edə bilər. Belə bir ssenaridə, nüvə hücumlarının təsiri Yaxın Şərqdə olan ölkələrə də dolayısı ilə yayılacaq”.

Chosen
17
cebheinfo.az

1Sources