EN

Ulu Öndər Heydər Əliyev YAP-ı ümumxalq partiyasına çevirdi



Danılmaz həqiqətdir ki, ən yeni Azərbaycan tarixinin hər bir məqamı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Ümummilli Liderimizin 1993-cü ilin iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə müstəqil Azərbaycanın tarixində Heydər Əliyev epoxasının ən dinamik, gərgin və ən səmərəli dövrü başladı. Ulu Öndər növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldi və bununla da dövlətimizi yox olmaq təhlükəsindən qurtardı. Ümummilli Lider Heydər Əliyev özünün xilaskarlıq missiyasını həyata keçirməyə məhz 1992-ci ildə Yeni Azərbaycan Partiyasına rəhbərliyi öz üzərinə götürməklə başlamışdır. Cənab Prezident İlham Əliyevin 2022-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə etdiyi çıxışında qeyd olunduğu kimi, 1991-1992-ci illərdə gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Xalqımız böyük faciələrlə üzləşmişdi. Məhz belə bir ağır zamanda Azərbaycanın görkəmli nümayəndələri, ölkənin gələcəyini düşünən vətənpərvər insanlar da bütün xalqımız kimi, ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə həmin insanlar Ulu Öndərə müraciət ünvanlamışdılar. Həmin müraciətdə Ümummilli Liderimizdən yeni yaradılacaq siyasi partiyaya, Yeni Azərbaycan Partiyasına rəhbərlik etmək xahiş olunurdu. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans Naxçıvanda keçirildi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə xalqı öz ətrafında təşkilatlandıra biləcək yeni siyasi qüvvə yarandı.

YAP-ın təsis konfransından yeddi ay sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi. 1993-cü ilin oktyabrında isə Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ümummilli Liderin təşəbbüsü ilə ölkənin strateji xəttini müəyyən edən əsas addımlar atıldı. İlk növbədə, Konstitusiya qəbul edildi, dövlətçiliyin əsasları qoyuldu. Beynəlxalq təcrid, o cümlədən informasiya blokadası aradan qaldırıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün Azərbaycanın müstəqil iqtisadi siyasət aparması və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özünü təsdiqləməsi baxımından müstəsna əhəmiyyət kəsb edtmiş oldu.Həmçinin ordu quruculuğu sahəsində atılan addımlar imkan verdi ki, Azərbaycan doğrudan da güclü və nizami ordu yaratsın. Məhz bu ordu 27 il sonra Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalına son qoydu.

Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin göstəricisi olaraq, Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri vəzifəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Partiya üzvlərini səciyyələndirən əsas göstəricilər Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət prinsipləridir. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Lider Heydər Əliyev siyasi kursunun yüksək səviyyədə davam və daha da inkişaf etdirilməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən ən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artır. Bu gün Azərbaycan artıq Avrasiya məkanında həyata keçirilən irimiqyaslı transmilli enerji və logistik layihələrin mühüm iştirakçısına, bir çox hallarda isə təşəbbüskarına çevrilmişdir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu getdikcə artmaqdadır. Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib. Bütün bu uğur və nailiyyətlərin əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu da müstəsna əhəmiyyət kəsb edir.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilanın sədr müavini.







Chosen
48
20
aia.az

10Sources