EN

İctimai nəqliyyatda islahatlara büdcədən 150 milyon manat ayrıldı- nə gözlənilir?..

Image

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən hüquqi şəxslərə digər subsidiyalar üzrə 298,6 milyon manat artım nəzərdə tutulur. Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir. 

Qeyd edilir ki, əsasən ictimai nəqliyyatda islahatlarla bağlı 150 milyon manat subsidiya proqnozlaşdırılması dövlət zəmanəti verilmiş kreditlərin faizinin subsidiyalaşdırılması xərclərinin 59,2 milyon manat (36,3 dəfə), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılacaq subsidiyanın 41,6 milyon (9,4 % artımla) nəzərdə tutulması ilə bağlıdır. 

Görəsən, bu subsidiya ictimai nəqliyyatın  hansı istiqamətlərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə daha çox ayrılmalıdır?

Aslan Əsədov: “Elektroavtobusların gətirilməsinə ehtiyac var”

Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ictimai nəqliyyatda subsidiyanın artırılması gözlənilən idi: “Məlumdur ki, şəhərdə müşahidə olunan tıxacın uzunluğu artmaqda davam edir. Bu da çətinliyə səbəb olur. Bununla bağlı müəyyən addımların atılması vacib idi”.

Ekspert hesab edir ki, elektroavtobusların gətirilməsinə ehtiyac var. Bəllidir ki, bu nəqliyyat vasitələri atmosferə az ziyan verir: “Bununla yanaşı, iritutumlu şəhərətrafı və şəhəri birləşdirən avtobuslar gətirilməlidir. Son vaxtlar şəhərin mərkəzi ərazisilərində tramvay və trolleybusların layihələndirilməsi ilə bağlı anons verildi. Bu ilkin olaraq bulvar ərazisini əhatə edəcək. Ehtimal edilir ki, dənizkənarı bulvar ilə Ağ Şəhəri birləşdirən nəqliyyat vasitəsi olacaq. O cümlədən, işğaldan azad edilmiş ərazilərdə yeni avtobusların gətirilməsi və istifadəyə verilməsi planlaşdırılır. Bu səbəbdən də məlum sahəyə subsidiyanın ayrılması gözlənilən idi”.

Yasin Mustafa: “İctimai nəqliyyatın işinin təkmilləşdirilməsi bu tıxaclardan qurtulmaq üçün bizim yeganə çıxış yolumuzdur”

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa hesab edir ki, bu sahəyə hər zaman dövlət dəstəyi vacibdir: “İctimai nəqliyyat faydalı çalışmır, gəlirli sahə deyil. Bu sahəyə hər zaman dövlət dəstəyi olmalıdır ki, tələblərə, vətəndaşların arzu və istəklərinə uyğun həm nəqliyyat vasitəsi, texniki təchizatı və s. məsələlərlə bağlı normal şəkildə fəaliyyət göstərsin. Yeni nəqliyyat vasitələrinin alınması daha vacibdir, eyni zamanda infrastrukturun qurulmasında, tətbiqlərin yaradılmasında və s. perspektivdə nəzərdə tutulan işlərin həyata keçirlməsində dövlət dəstəyi vacibdir. Ümumiyyətlə, ictimai nəqliyyatın işinin təkmilləşdirilməsi bu tıxaclardan qurtulmaq üçün bizim yeganə çıxış yolumuzdur”.

Günel CƏLİLOVA 





Chosen
13
50
baki-xeber.com

10Sources