EN

Samir Şərifovun Naxçıvanla bağlı iradı niyə haqlı sayılır?

Image

Əli Əlirzayev: “Əgər vəsaitlər düzgün idarə edilmirsə, o zaman pulu ayırmağın nə mənası var?”

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının icrasına cari ildə vəsait ayrılıb. Bu pulun istifadəsi arzuolunmaz səviyyədədir”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. 

O bildirib ki, gələn il üçün Proqramın icrasına 150 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulur: “Su çəkilişi, elektrik stansiyalarının tikilməsi üçün müvafiq layihə hazırlanmadan bunu edə bilmərik. Bu məsələlər artıq gələn ildən öz məcrasına qoyulacaq”.

Maraqlıdır, Naxçıvana ayrılan pulun istifadəsi niyə arzuolunmaz səviyyədədir? Təyinatı üzrə xərclənmir, düzgün istifadə edilmir? Bir sözlə, nədir bunun səbəbi?

“Bunun bir səbəbi onunla əlaqədardır ki, Naxçıvana ayrılan vəsait əvvəlki illərlə müqayisədə xeyli azalıb”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı alim, professor Əli Əlirzayev bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Bunun bir səbəbi onunla əlaqədardır ki, Naxçıvana ayrılan vəsait əvvəlki illərlə müqayisədə xeyli azalıb. Həm həcminə görə, həm dəyər baxımından, həm də alıcılıq qabiliyyəti baxımından azalıb. İkinci bir tərəfdən, Naxçıvanda iqtisadiyyatın prioritet istiqamətlərini inkişaf etdirmək üçün çoxlu vəsait lazımdır. Müəyyən sahələr var ki, onları köklü şəkildə qurmaq üçün ciddi sərmayə qoyuluşu olmalıdır. Ortada olan maneələr aradan qaldırılmalıdır. Hələ ki, biz bunu görmürük. 150 milyon manat Naxçıvanın inkişafı üçün nədir ki? Əgər Naxçıvanda yetərincə emal müəssisələri yoxdursa, o zaman kənd təsərrüfatını əsaslı şəkildə inkişaf etdirmək mümkün olmayacaq. Nəzərə almaq lazımdır ki, Naxçıvanın Azərbaycanın materik hissəsi ilə birbaşa quru əlaqəsi olmadığına görə, həmin məhsulları Bakıya gətirmək çətin məsələdir. Bu, İran üzərindən olduğu üçün daşıma xərcləri artır. O üzdən, Naxçıvanda emal sənayesinin inkişafına xüsusi önəm verilməlidir. Üçüncüsü, Naxçıvana ayrılan vəsaitlərin səmərəli istifadəsinə xüsusi diqqət yetirmək lazımdır. Əgər vəsaitlər düzgün idarə edilmirsə, o zaman pulu ayırmağın nə mənası var ki? Ona görə də elə mexanizmlər tətbiq olunmalıdır ki, vəsaitlərin təyinatı üzrə xərclənməsi arzuolunan səviyyədə olsun. Bir sözlə, Naxçıvanın inkişafı ilə bağlı iki əsas problem var. 1.Naxçıvana böyük vəsait ayrılmır. 2.Ayrılan vəsaitlərin istifadə mexanizmləri Naxçıvanda hələ lazımi olan səviyyədə deyil. Ona görə də Naxçıvanın inkişafı ilə bağlı kompleks yanaşma olmalıdır. Yalnız bütün bunlardan sonra arzuolunan nəticə əldə etmək mümkün olacaq”.

Vidadi ORDAHALLI





Chosen
22
baki-xeber.com

1Sources