Argentina yığmasının baş məşqçisi Lionel Skaloni “albiseleste”nin ulduz hücumçusu və kapitanı Lionel Messinin fədakarlığından söhbət açıb.
Arena.az “RMC Sport” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Messi istirahətə ehtiyacı olsa belə, həmişə oynayır. “Leo”nun ili – Amerika Kubokunda da iştirak etmiş, çıxışı çoxlu oyunlardan ibarət bir futbolçunun ilidir. Onun yüz faiz hazır olması və fəsadlarla üzləşməməsi çətindir, bu, təbidir. O, zədə almışdı, amma ümumilikdə “Leo” düşərgəmizə gələndə həmişə qaydasında olub”, deyə Skaloni bildirib.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 23 qol vurub və 13 məhsuldar ötürmə verib.
Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var. O, “İnter Mayami”dən öncə “Barselona” və PSJ-də çıxış edib.