EN

Qadınları işləmək imkanından məhrum edən amillər (ŞƏRH)

"Azərbaycanda qadınların əmək bazarında qeyri-fəallığı həm sosial, həm də iqtisadi baxımdan ciddi problemlərdən biridir. Rəsmi statistikaya görə, məşğul əhalinin 47,9 faizini təşkil edən qadınların iqtisadi qeyri-fəal əhalidə xüsusi çəkisi 55,7 faizdir. Bu isə qadınların böyük hissəsinin əmək bazarında iştirak edə bilmədiyini göstərir. Əsas səbəblərdən biri məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığıdır. Bu, xüsusilə kənd və qəsəbələrdə yaşayan qadınların iş həyatına daxil olmasını ciddi şəkildə məhdudlaşdırır. Məktəbəqədər yaşda olan uşaqların qayğısı əsasən anaların üzərinə düşür və bağçaların çatışmazlığı qadınların işə çıxışını çətinləşdirir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov uşaq bağçalarının sayının azlığından danışarkən deyib. 

Ekspertin sözlərinə görə, Azərbaycanda 1-5 yaşlı uşaqların yalnız 34,6 faizinin məktəbəqədər təhsil müəssisələrinə və ya məktəbəhazırlığa cəlb olunması bu sahədə ciddi islahatlara ehtiyac olduğunu göstərir:

"Son illərdə bəzi irəliləyişlər olsa da, bu rəqəm beynəlxalq standartlarla müqayisədə çox aşağıdır. Məsələn, inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsilə çıxış səviyyəsi 90 faizə yaxındır və bu, qadınların əmək bazarında daha geniş iştirakını təmin edir. Məktəbəqədər təhsilə çıxış uşaqların intellektual, sosial və emosional inkişafını dəstəkləməklə yanaşı, qadınların iş həyatına daha aktiv şəkildə qoşulmasına imkan yaradır”. 
 


Ekspert vurğulayıb ki, qadınların əmək bazarında fəallığının aşağı olması onların iqtisadi asılılığını artırır və gender bərabərsizliyini daha da dərinləşdirir:

"Qadınların iş həyatına qoşulması həm onların şəxsi rifahını artırar, həm də ölkənin iqtisadi inkişafına töhfə verər. Beynəlxalq tədqiqatlar göstərir ki, qadınların əmək bazarına daha geniş miqyasda daxil olması ümumi daxili məhsulun artımına səbəb olur. Azərbaycanda isə qadınların əmək bazarına çıxışını məhdudlaşdıran səbəblər ailələrin gəlir səviyyəsinin azalmasına, sosial bərabərsizliyin artmasına və potensial insan kapitalının tam istifadə edilməməsinə gətirib çıxarır”. 

Kamran Əsədov hesab edir ki, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması qadınların iqtisadi fəallığını artırmaq üçün əsas həll yollarından biri olar:

"Bu addım təkcə qadınların iş həyatına qayıtmasını təmin etməyəcək, eyni zamanda, uşaqların inkişafını dəstəkləyəcək və gələcəkdə daha keyfiyyətli işçi qüvvəsinin formalaşmasına töhfə verəcək. Bu məqsədlə uşaq bağçalarının tikintisi və günərzi qayğı mərkəzlərinin yaradılması prioritet olmalıdır. Xüsusilə kənd yerlərində bu sahədə ciddi addımlar atılmalı, dövlət-özəl sektor əməkdaşlığı gücləndirilməli və məktəbəqədər təhsil sahəsinə ayrılan büdcə vəsaiti artırılmalıdır”. 

Ekspertin fikirincə, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması qadınların iqtisadi müstəqilliyini təmin edərək cəmiyyətin rifahını yüksəldə bilər:

"Eyni zamanda, bu addım gender bərabərliyinin təşviq edilməsində mühüm rol oynayacaq. Azərbaycanda bu istiqamətdə atılacaq hər bir addım yalnız qadınların iş həyatında iştirakını deyil, həm də ölkənin sosial və iqtisadi inkişafını sürətləndirəcək. Məktəbəqədər təhsilə investisiya, uzunmüddətli iqtisadi inkişaf və daha bərabər cəmiyyət üçün vacibdir”. 

Qeyd edək ki, Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, məşğul əhalinin 47,9 faizini qadınlar təşkil edir:

"Bununla yanaşı, iqtisadi qeyri-fəal əhalinin 55,7 faizi qadınlardır. Yəni qadınların böyük hissəsi əmək bazarında aktiv iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri də məktəbəqədər təhsil müəssisələrinin çatışmamasıdır. Məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1-5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi son 13 ildə artaraq 34,6 faiz olub. Bu göstərici əvvəlki illərlə müqayisədə xeyli artıb. Amma uşaq bağçalarının və günərzi qayğı mərkəzlərinin az olması bəzi rayon, qəsəbə, kəndlərdə qadınları işləmək imkanlarından məhrum edir". 

Bahar Rüstəmli

Chosen
68
qaynarinfo.az

1Sources