EN

COP29 Xəzər dənizi ilə bağlı mühüm sənəd qəbul etdi...

Image

Bakıda ikinci həftədir keçirilən COP29-da Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri də geniş müzakirə predmeti olub. Burada diqqətə çəkilib ki, ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi və bu kimi digər amillərlə bağlıdır.

Müzakirələrdə Xəzər dənizinin neft məhsulları ilə çirklənməsinin aerasiya prosesini ciddi şəkildə pozduğu, dəniz fauna və florasının məhv olmasına gətirib çıxardığı da vurğulanıb. Azərbaycanın müraciəti əsasında BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hazırladığı sənəddə deyilir ki, Xəzər dənizinin səviyyəsi azalır və yaxın 50 ildə daha çox azalma ehtimalı var. Sənədə görə, bu da ətraf mühitə, iqtisadiyyata, infrastruktura və sahilyanı dövlətlərin davamlı inkişafına mənfi təsir göstərə bilər. Mərkəzi Asiya Regional Ekoloji Mərkəzinin regional iqlim dəyişikliyi mütəxəssisi Vladimir Qrebnev COP29 çərçivəsində keçirilən “Xəzər dənizi və davamlı inkişaf: Ətraf mühitin mühafizəsi” adlı forumda  diqqətə çatdırıb ki, qlobal istiləşmə Xəzər regionunda yaşayan milyonlarla insana birbaşa təsir göstərir. Onun sözlərinə görə, iqlim dəyişikliyi bütün dünyanın üzləşdiyi qlobal reallıqdır və Xəzər regionu də istisna deyil: “Qlobal istiləşmə, su səviyyəsinin dəyişməsi, ekosistemlərin deqradasiyası, təbii fəlakətlərin tez-tez baş verməsi və gücünün artması Xəzər regionunda yaşayan milyonlarla insana birbaşa təsir göstərir. Bu çağırışlar bizdən kollektiv, razılaşdırılmış fəaliyyət tələb edir. Yalnız kollektiv səylər və təcrübə mübadiləsi iqlim dəyişikliyinin nəticələrinin adaptasiyası və yumşaldılması üçün effektiv strategiyalar hazırlamağa imkan verəcək”. Mütəxəssis bildirib ki, Xəzər dənizinin biomüxtəlifliyinin və ekosistemlərinin qorunması önəmlidir: “Xəzər regionu təkcə ekosistem deyil, həm də mühüm iqtisadi və enerji mərkəzidir”. Digər ekspertlər də hesab edir  ki, Xəzər dənizinin üzləşdiyi problemlə bağlı təcili və cəsarətli tədbirlər görülməsə, geridönüş mümkün olmayacaq. Xəzər dənizindəki problem təkcə ətraf mühiti deyil, həm də ondan asılı olan milyonlarla insanı təhdid edir. Yəni, saysız-hesabsız insanın dolanışığı, mədəniyyəti və gələcəyi təhlükə altındadır.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays qeyd edir ki, Xəzər dənizinin səviyyəsinin azalması sahilyanı ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Onun sözlərinə görə, Xəzər dənizində su səviyyəsinin davamlı azalması təkcə ekoloji problem deyil, həm də iqtisadi inkişafın məhdudlaşdırılmasıdır: "Su səviyyəsinin azalması artıq sahilyanı ölkələrin iqtisadiyyatına təsir göstərir. Bəzi gəmilər tutumunun yalnız 50 %-i qədər yüklənə bilər. Quraşdırılmış avadanlıqların və tikilmiş infrastrukturun bir hissəsi artıq istifadəyə yararsız hesab edilir. Bu səbəbdən Dünya Bankının tədqiqatı, eyni zamanda mövcud şəraitdə limanların və gəmiçiliyin dayanıqlılığını artırmaq üçün həyata keçirilə biləcək tədbirlərin müəyyənləşdirilməsinə yönəlib". Prays əlavə edib ki, region üçün əsas məqam Xəzər dənizi ölkələrinə bu su hövzəsindəki su səviyyələrinin yumşaldılması və uyğunlaşdırılması üçün aralıq tədbirlər görməyə imkan verəcək monitorinq mexanizminin yaradılmasıdır. Onun sözlərinə görə, Dünya Bankı və BMT-nin Ətraf Mühit Proqramı hazırda iştirakçı ölkələrin Xəzər dənizinin biomüxtəlifliyinin qorunması ilə bağlı iştirakçı ölkələrin potensialını gücləndirmək olan yeni layihənin hazırlanmasında əməkdaşlıq edir: “2025-ci il iyulun 20-də təsdiqlənməsi gözlənilən Xəzər dənizi üzrə layihənin icmalı ölkələrə biomüxtəlifliyin qorunmasının yaxşılaşdırılmasında və s. kömək etməyə yönəlib. Bu, üç iştirakçı ölkənin - Azərbaycan, Qazaxıstan və Türkmənistanın potensialının gücləndirilməsi yolu ilə əldə ediləcək". Prays vurğulayıb ki, layihə ölkələrin Tehran Konvensiyası və onunla bağlı protokollar üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cari səylərini tamamlayır: “Milli səviyyədə layihə üç ölkəyə çirklənmənin monitorinqi üçün yeni protokolların hazırlanmasında və sairə dəstək göstərəcək”. UNEP-in icraçı direktoru İnger Andersen tərəfindən təqdim olunan, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə UNEP-in birgə əməkdaşlığı əsasında hazırlanan “Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri” adlı hesabatda isə bir daha dənizdə iqlim dəyişmələri və antropogen təsirlər fonunda ciddi problemlərin yarandığını göstərib. Xüsusi qeyd edilib ki, qarşıdakı onilliklərdə Xəzərdə suyun səviyyəsinin enməsi ehtimalının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir. Əks halda dənizdəki ekosistemlərin məhvi, sahilyanı ərazilərdə əhalinin yaşayış yerlərini tərk etməsi, Xəzər sahillərindəki ölkələrin iqtisadiyyatlarının təhdid altına düşməsi qaçılmaz olacaq. Bütün bunlar onun təsdiqidir ki, Xəzərdəki böhran təkcə ekoloji deyil, həm də humanitar xarakter daşıyır, dolanışıq və ərzaq təhlükəsizliyinə təsir edərək milyonlarla insanın gündəlik həyatına ciddi təsir göstərmək iqtidarındadır. İndi əsas məsələ bu fəlakətlərin önlənilməsinə nail olmaqdır. Elə bundan irəli gələrək, COP29 çərçivəsində keçirilmiş tədbirin sonunda “Xəzəryanı dövlətlərin nazirlərinin və yüksəkvəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə” qəbul edilib. Sözügedən kontekstdə sahilyanı ölkələrin dənizin ekoloji durumu ilə bağlı koordinasiyalı fəaliyyəti Xəzərin üzləşdiyi problemlərin həllində şübhəsiz ki, mühüm rol oynayacaq. Bu, COP29-un Xəzərə mühüm töhfəsi kimi də qiymətləndirilə bilər. Əldə olunan razılaşmalar ilk növbədə iqlim dəyişikliyinin Xəzər dənizinin sahil zonasına və onun infrastrukturuna təsirini azaltmaq üçün birgə strategiya və uyğunlaşma planının hazırlanmasında həlledici əhəmiyyət daşıyacaq. UNEP-in icraçı direktoru İnger Andersen bu xüsusda bildirir: “Beş Xəzəryanı ölkə COP29 çərçivəsində Xəzərin səviyyəsinin azalması ilə bağlı Bəyannamə qəbul etdi. Bu, Azərbaycanın pavilyonunda baş verən tarixi hadisədir. Azərbaycan Tehran Konvensiyasını imzalayan beş ölkəni də bir araya gətirməyə nail olub. Bütün tərəflər razılığa gəlib ki, onlar birgə əməkdaşlıq edərək iqlim dəyişikliyinin yaratdığı təzyiqləri aradan qalmaq üzrə çalışacaq. Bundan əlavə isə Xəzər dənizinin bəxş etdiyi zənginliklərdən də birgə faydalanacaqlar. Biz anlamalıyıq ki, istiləşmə Xəzər dənizində yağıntıların azalmasına və suyun səviyyəsinin getdikcə enməsinə səbəb olacaq. Beş ölkədən olan alimlər bir araya gələrək bu məsələləri, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasını həll etməlidir”. Beləliklə,  dənizdə suyun azalmasının təsirlərinin yumşaldılmasına və yeni şəraitə uyğunlaşmasına yönəlmiş birgə strategiyaların işlənib hazırlanması üçün Xəzəryanı ölkələrin əməkdaşlığı zəruridir.

Ramil QULİYEV





Chosen
7
2
baki-xeber.com

3Sources