EN

COP29-un Yaşıl Zonasında turizmdə iqlim fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda sessiya keçirilib - FOTO

Bakıda keçirilən COP29 konfransı çərçivəsində COP29 Sədrliyi tərəfindən idarə edilən və geniş ictimaiyyətə xitab edən Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin təşkili davam edir. Belə ki noyabrın 20-də Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti növbəti tədbirini Azərbaycan Turizm Bürosu ilə birgə təşkil edib.

Day.Az Trend-ə istinadən bildirir ki, "Turizmdə iqlim fəaliyyətinin təkmilləşdirilməsi: innovativ həllər və gələcək addımlar" mövzusuna həsr olunmuş panel müzakirəsində dayanıqlı turizmin gələcəyi, eyni zamanda turizm sənayesinin ekoloji təsirini minimuma endirərək yerli iqtisadiyyatların və mədəni irsin necə gücləndirilməsi və qorunması müzakirə olunub.

BMT-nin Ümumdünya Turizm Təşkilatının davamlı turizm və dayanıqlılıq üzrə proqram koordinatoru Virginia Fernandez-Trapanın moderatorluğu ilə keçirilən panel müzakirəsində Dövlət Turizm Agentliyinin Turizm Siyasəti və Strategiyası şöbəsinin müdiri Günay Bayramova, Braziliyanın Turizm Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Heitor Kadri, "Iberostar Group" şirkətinin qlobal dayanıqlılıq üzrə direktoru Erika Harms, "The Travel Corporation" şirkətinin dayanıqlılıq üzrə direktoru Şannon Gihan, Amerikalararası İnkişaf Bankının iqlim dəyişmələri əməliyyatları üzrə baş mütəxəssisi Emi Levis iştirak edib.

Turizm sahəsinin mütəxəssisləri olan panelistlər karbon emissiyalarını azaltmaq, bioloji müxtəlifliyi qorumaq və turizmin həm iqtisadi, həm də ekoloji cəhətdən dayanıqlı olmasını təmin etmək üçün ən yaxşı təcrübələr ətrafında fikir mübadiləsi aparıblar. Müzakirə zamanı ekoturizm, yaşıl infrastruktur və məsuliyyətli səyahət təcrübələri kimi innovativ yanaşmaların qlobal turizmin inkişafına töhfə verə biləcəyi vurğulanıb.

Qeyd edək ki, adıçəkilən panel müzakirəsi ilə yanaşı COP29 Yaşıl Zonada gün ərzində dayanıqlı gələcək üçün şəhər infrastrukturunun təkmilləşdirilməsi, daha dayanıqlı, inklüziv və insan mərkəzli mühitlərin yaradılması, turizmin iqlim dayanıqlılığı və ekosistemin bərpasına töhfələri, inşaat sektorunun dekarbonizasiyası kimi mövzuların müzakirəsində yerli və xarici ekspert qonaqlar iştirak edib.

  • COP29-un
  • COP29-un
  • COP29-un
  • COP29-un
  • COP29-un
  • COP29-un
Chosen
13
3
day.az

4Sources