"Bu gün akademik Rəfael Hüseynovun librettosu əsasında yazdığım "Nəsimi" operasının premyerasıdır və təbii olaraq həyəcanlıyam. Böyük mütəfəkkir Nəsiminin həyatında baş verən olayları əhatə etmək mümkün deyil. Amma çalışdıq tamaşaçı üçün maraqlı ola biləcək məqamları operada cəm edək. Arzum budur ki, "Nəsimi" operasının ömrü uzun olsun".
Referans.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Nəsimi" operasının bəstəkarı, Xalq artisti Siyavuş Kərimi deyib.
"Opera nə qədər müddətə yazılıb?" sualına Siyavuş Kərimi "Əsəri pandemiya zamanı evdən çıxmayaraq altı ay müddətinə bitirə bildim" deyə cavab verib.
"Əvvəl lent yazısı yazıldı, daha sonra canlı orkestlə işləmə dövrümüz başladı. Çox qısa zamanda ərsəyə gəldi deyə bilərəm. Bu hələ ilk tamaşadı, gələcək üçün daha yaxşı olacaq. Bildiyimə görə operaya diqqət ayrılacaq: həm maliyyə, həm də digər problemlərinin həll olunması baxımından... Düşünürəm ki, nəticə yaxşı olacaq və biz dünyaya Nəsimini təbliğ etmək imkanında olacağıq", - deyə S.Kərimi əlavə edib.