“Neftçi”nin keçmiş futbolçusu Mirhüseyn Seyidov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) məhkəməyə verib.
Arena.az xəbər verir ki, veteran futbolçu ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə üz tutub.
İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılır.
Xatırladaq ki, Mirhüseyn Seyidov 2017-ci ildə AFFA-nın İntizam Komitəsinin qərarı ilə ömürlük futboldan uzaqlaşdırılıb. O, həmin dövrdə bu qərardan apellyasiya şikayəti versə də, istəyinə çata bilməyib. Seyidovun indi futbol qurumunu məhkəməyə verməsi də böyük ehtimalla məhz həmin qərarlarla bağlıdır.
“Neftçi”nin yetirməsi olan Mirhüseyn 2015-ci ilə qədər məhz bu klubun formasını geyinb. O, 2015-ci ilin iyul ayında sonralar “Keşlə” (indiki “Şamaxı”) adlandırılan Bakı “İnter”inə keçib və cəzalanana qədər məhz paytaxt lubuna çıxış edib.
Seyidov “Neftçi”nin heyətində 2 dəfə (2011/2012 və 2012/2013-cü illər mövsümündə) Azərbaycan çempionu olub.
Keçmiş yarımmüdafiəçi Azərbaycanın U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.