EN

Naxçıvan Nazirlər Kabinetində muxtar respublikanın 2025-ci il büdcə layihəsinin müzakirəsi keçirilib

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə muxtar respublikanın 2025-ci il büdcə layihəsinin müzakirəsi ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, müşavirədə Baş nazir muxtar respublikanın növbəti dövr üzrə sosial-iqtisadi inkişaf proqnozlarının ətraflı təhlil edildiyini, muxtar respublikanın büdcəsinin gəlir və xərclərinin proqnozlaşdırıldığını və müvafiq layihə sənədlərinin hökumətin müzakirəsinə təqdim edilməsi üçün hazırlandığını deyib.

Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Həsən İsmayılov diqqətə çatdırıb ki, 2025-ci il üçün Naxçıvan Muxtar Respublika büdcəsinin gəlirləri 527 959 000 manat məbləğində proqnozlaşdırılır. Maliyyə naziri büdcə gəlirlərinin əsas formalaşma mənbələrinə dair müvafiq məlumatlar təqdim edib. Belə ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublika büdcəsinin gəlirləri üzrə proqnozun 191 484 000 manatı və ya 36,3 faizi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 17 469 000 manat və ya 10 faiz çox nəzərdə tutulub. Gəlirlər üzrə proqnozun 12 000 000 manatı və ya 2,3 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin xətti ilə daxilolmaların payına düşməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 816 manat az nəzərdə tutulub. 2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin mədaxil mənbəyi hesab olunan gəlir və xərclərini tənzimləmək üçün Azərbaycan Respublikası büdcəsindən 320 529 000 manat dotasiya ayrılması nəzərdə tutulur. Dotasiya büdcə gəlirlərinin 60,7 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcə gəlirləri ilə müqayisədə 15 931 000 manat və ya 4,7 faiz az nəzərdə tutulur.

Bildirilib ki, layihədə muxtar respublika büdcəsində muxtar respublika yığımlarının xüsusi çəkisi təqribən 40 faiz həddinə çatdırılıb. Vurğulanıb ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolmalara əsasən fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 46 876 000 manat proqnozlaşdırılır. Bu da büdcə daxilolmalarının 8,9 faizini təşkil etməklə 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 3 876 000 manat və ya 9 faiz artıq nəzərdə tutulur.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Abbas İsmayılovun, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Fərid Bağırzadənin çıxışları dinlənilib.

Sonda 2025-ci ilin büdcə layihəsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə göndərilməsi qərara alınıb.

Chosen
21
4
sia.az

5Sources