EN

YAP Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsidir

Partiyanın təməli 32 il əvvəl Naxçıvanda qoyulub

Dünən YAP Naxçıvan Şəhər Təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsidir” mövzusunda konfrans keçirilib.

Məclisdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli “Yeni Azərbaycan Partiyası – Milli Qurtuluşdan tarixi Zəfərə” mövzusunda çıxış edərək bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən konstruktiv müxalifət partiyası kimi yaradılıb.

Natiq daha sonra qeyd edib ki, Azərbaycan xalqı 1993-cü ilin iyununda – ölkə “olum və ya ölüm” dilemması qarşısında qaldıqda özünün taleyini dahi şəxsiyyət Heydər Əliyevə həvalə edi. Ulu öndər xilaskarlıq missiyasını uğurla yerinə yetirdi, ölkəmizi, xalqımızı Milli Qurtuluş yoluna çıxartdı. 1995-ci ilin parlament seçkiləri nəticəsində partiya xalqın böyük dəstəyini qazanaraq müstəqil dövlətçiliyin əsas təminatçısı olan siyasi qüvvəyə – iqtidar partiyasına çevrildi.

Toplantıda qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin liderliyi ilə son 21 ildə ölkəmizdə böyük uğurlar qazanılıb. Ölkəmiz mühüm nəqliyyat qovşağına, qlobal enerji təchizatçısına çevrilib. Dövlətimizin müdafiə qüdrəti xeyli artıb, Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silahlarla təchiz edilib. Nəticədə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusu dövlətçiliyimizin çoxəsrlik tarixində misilsiz nailiyyət əldə edərək cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq ölkənin ərazi bütövlüyünü bərpa edib.

Ötən il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərpa olunub. Hazırda tarixi Qarabağ torpaqlarında geniş quruculuq işləri görülür, soydaşlarımız Böyük Qayıdış proqramı ilə öz əzəli yurdlarına geri dönürlər. Vurğulanıb ki, Prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin nüfuzu beynəlxalq səviyyədə xeyli güclənib. Azərbaycan etibarlı dost, tərəfdaş kimi mühüm təşkilatlarda təmsil olunur, bütün platformalarda öz sözünü çəkinmədən, qətiyyətlə deyir. Ölkəmizin artan nüfuzunun nəticəsidir ki, hazırda Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına uğurla evsahibliyi edir.

Diqqətə çatdırılıb ki, ölkəmizdə əldə olunan inkişaf proseslərində YAP Naxçıvan Şəhər Təşkilatının üzvləri də yaxından iştirak edirlər. Hazırda 165 ərazi partiya təşkilatını əhatə etməklə 18 min 647 nəfər üzvü olan təşkilatın sıralarında 10 min 344 qadın, 6 min 488 gənc təmsil olunur.

Konfransda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova “Yeni Azərbaycan Partiyasının tarixi inkişaf edən Azərbaycanın tarixidir”, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov “Yeni Azərbaycan Partiyası və milli təhsilin inkişafı” mövzularında çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan dövlətçiliyi tarixində oynadığı müstəsna roldan danışılıb, reallaşdırılan uğurlu milli quruculuq siyasətindən, təhsilin müasirləşdirilməsi, inkişafı istiqamətində atılan addımlardan bəhs olunub.

Sonra “Yeni Azərbaycan Partiyası-32” mövzusunda film nümayiş olunub, partiyanın himni səsləndirilib.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Chosen
17
xalqqazeti.az

1Sources