Qərbi Azərbaycan İcması AŞ-nın Nazirlər Komitəsindən ölkəmizə qarşı siyasi oyunlara son qoymağı tələb edib
Hazırda beynəlxalq münasibətlər sistemində dərin böhran mövcuddur. Bu gün dünyada beynəlxalq nizam pozulub, beynəlxalq hüquq normaları işləmir. Belə olan halda bir sıra hegemon dövlətlər digər xalqlara münasibətdə öz maraqları baxımından yanaşırlar. Qərbin və onun təsir dairəsində olan beynəlxalq təşkilatların qeyri-standart və geosiyasi ambisiyalara söykənən maraqları da dünyada ciddi təhdidlər yaradır. Həmin dairələrin yanaşmasında özünü göstərən başlıca tendensiyalardan biri də ikili standartlara əsaslanan mövqedir.
Avropa Şurası niyə ermənipərəst mövqe tutur?
Məlumdur ki, ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edən Azərbaycan dövləti Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Bu amil həm də dövlətimizin beynəlxalq münasibətlər sistemində nüfuzunu və mövqelərini gücləndirir. Təəssüf doğruran hal odur ki, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Qərbin təsir dairəsində olan beynəlxalq təşkilatlar ölkəmizə qarşı aqressiv münasibət sərgiləyirlər ki, bu da ikili standartların və riyakarlığın pik həddidir. Bu baxımdan, Avropa Şurası və onun müxtəlif strukturları dəfələrlə ölkəmizə qarşı əsassız və qeyri-obyektiv qətnamələr qəbul edib.
Əslində, Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq önəmli yer tutur. Bu fakt beynəlxalq müstəvidə müsbət dəyərləndirilir. Bu baxımdan, Avropa Şurası da istisna olmayıb. Azərbaycanın nümayəndə heyəti hər zaman AŞPA-nın işində həmişə fəal iştirak edib, müzakirələrə çıxarılan məsələlərə öz münasibətini bildirib, deputatlarımız qurumun komitə sədrləri, məruzəçiləri qismində çalışıblar. Ən əsas məsələ bu beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması olub. Lakin burada hər zaman Avropa parlamentarilərinin ikili standartları ilə üzləşmişik. 30 il ərzində Avropa Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. 2001-ci ildə Azərbaycan bu təşkilata üzv olarkən onun Ermənistanın işğalçı siyasətinə qarşı ciddi addımlar atacağına ümid edirdi. Lakin ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.
30 il susan Avropa Şurası...
Avropa Şurası nəinki Ermənistanı işğalçı siyasətini tanımadı, əksinə erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlarda qərəzli qətnamələr qəbul etdi. Hansı ki, Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bütün bunların fonunda AŞPA cari ilin yanvar ayında Azərbaycanın guya Qarabağda erməniləri etnik təmizləməyə məruz qoyduğunu iddia edərək qətnamə qəbul edib, eləcə də Azərbaycan nümayəndə heyəti əsassız olaraq səsvermə hüququndan məhrum olunub. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir. AŞPA-nın sözügedən qərəzli addımına cavab olaraq Azərbaycan nümayəndə heyəti qurumdakı fəaliyyətini dondurub.
Qeyd edək ki, Avropa Şurasının ölkəmizə qarşı qərəzli mövqeyi COP29 ərəfəsində və bu tədbirin keçirildiyi günlərdə də davam etməkdədir. Bir neçə gün öncə Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan tərəfindən icrasına dair Məşvərət Komitəsinin qərəzli, siyasiləşdirilmiş və mandatından kənara çıxan Beşinci Rəyi də bunun göstəricisidir. Azərbaycanın Xarici İşlər Nazirliyi bu “sənədi” tənqid edib. Eyni zamanda, Qərbi Azərbaycan İcması da bəyanat verərək Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin Azərbaycanla bağlı Beşinci Rəyini qınayıb.
Qərbi Azərbaycan İcması etiraz edir
Bəyanatda qeyd olunub ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, mədəni irsin dağıdılması və qayıdış hüququnun pozulmasına səssiz qalmış Avropa Şurasının sözügedən qurumu öz rəyi ilə Azərbaycana qarşı şər və böhtandan ibarət mövqe sərgiləyir və azərbaycanlıları deportasiyaya məruz qoyaraq monoetnik ölkəyə çevrilmiş Ermənistana münasibətdə dəstəkləyici davranış nümayiş etdirir. Xüsusilə, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnu görməzdən gələn Avropa Şurasının bu qurumunun, indi Qarabağdan köçmüş ermənilərin qayıdış hüququndan danışması etnik və dini ayrı-seçkiliyin ən bariz göstəricisidir.
Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının Ermənistanın insan hüquqları sahəsində Avropa Şurası çərçivəsində, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərinin yerinə yetirilməsini monitorinq predmetinə çevirmək barədə Şuraya dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb. Bundan başqa, rəyin məhz indi açıqlanması onu göstərir ki, Məşvərət Komitəsi “Freedom House” kimi qondarma qurumlar, Frank Pallone kimi korrupsioner siyasətçilər kimi COP29 zamanı daha da qızışan anti-Azərbaycan kampaniyasına qoşulub.
Bütün bunlar isə ona dəlalət edir ki, başda Parlament Assambleyası olmaqla, Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində Azərbaycana qarşı siyasi oyunlar üçün alətə çevrilib. Qərbi Azərbaycan İcması Avropa Şurasının Nazirlər Komitəsindən, sözügedən məşvərətçi qurumun Azərbaycana qarşı qəbuledilməz siyasi oyunlarına, etnik və dini ayrı-seçkiliyinə son qoymağı tələb edib.
Nardar BAYRAMLI