EN

Uşaq psixologiyasının inkişafında musiqinin rolu - Psixoloq bildirdi

“Uşaqların musiqiyə yönləndirilməsi faydalıdır, bu, xüsusən də onların yaradıcılıq bacarıqlarının, təxəyyülünün, təfəkkürünün inkişafına müsbət təsir göstərir”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Onun sözlərinə görə, musiqi bacarıqlarını uşaqların kiçik yaşlarından formalaşdırmaq lazımdır. Uşaqların 5 yaşından musiqi alətlərini tanıması, 7 yaşından etibarən isə öyrənməsi və alətlərdə ifa edə bilməsi tövsiyə edilir. Bəzi valideynlər daha erkən yaşdan övladını musiqiyə yönləndirir, bu zaman uşaqlarda öyrənmə bacarığı formalaşmadığı üçün bəzən musiqi dərslərinə onlarda maraq yaranmır. Beləliklə, musiqi haqqında onlarda mənfi təsəvvürlər yaranmağa başlayır. Belə ki, irəli yaşlarda nə qədər böyüsələr də artıq musiqi dərslərindən yan keçməyə başlayırlar: “Ona görə də, valideynlərə bunu zamanında etməyi tövsiyə edərdim, yəni az öncə qeyd etdiyim kimi, 5-7 yaşlarında övladlarını musiqiyə yönəltməlidirlər. Ümumiyyətlə bilirik ki, musiqi və riyazi bacarıq genetik faktorlardandır, burada genetika öz sözünü deyir. Digər tərəfdən uşağın musiqi duyumunun olması da vacib şərtdir”. Psixoloqun sözlərinə görə, bəzən valideynlər uşağın musiqi duyumunun zəif olmasını qəbul edə bilmir və övladında zorakı şəkildə musiqi alətinə həvəs, maraq yaratmağa başlayırlar. Xüsusən kiçik yaşlarda musiqi alətinə marağı olan, lakin kursa gedib öyrənə bilməyən valideynlər sanki öz tamamlanmayan arzularını övladlarının üzərində icra etməyə çalışırlar: “Uşaqların məcburi şəkildə musiqiyə yönləndirilməsi özgüvən əskikliyinə və “mən bacarıqsızam” fikrinin ortaya çıxmasına səbəb olur. Tövsiyə olunur ki, ilk olaraq musiqi dərsində ən azı 3 dərs müəllim və şagird bir-birini tanımalı, həmçinin bu zaman uşaqifa edəcəyi musiqi alətini də tanımalıdır. Musiqi dərslərinə yazılmamışdan öncə şagirdin musiqi duyumunun yoxlanılması da vacib şərtlərdən biridir. Eyni zamanda, valideynlər müəlliminin fikirlərinə diqqət göstərməlidir. Düzdür, bəzən maddiyyat ön plana keçir, müəllim uşağın musiqi duyumu olmadığı halda belə, valideyninə onun musiqi aləti ifa edə biləcəyi vədini verir. Bu da sonda hüsranla nəticələnə bilir”.

“Bildirmək lazımdır ki, musiqi duyumu olan uşaqlar bunu kiçik yaşlardan bəlli edirlər. Hətta uşaq 1 yaşını tamamlamamış belə musiqi ilə ritm tutmaq, oynamaq, musiqili cizgi filmlərinə baxmaq və mahnıları zümzümə etmək və s. kimi davranışlar sərgiləyərsə, valideynlər anlamalıdırlar ki, övladının musiqi duyumu olduqca yüksəkdir. Onu da bilmək lazımdır ki, musiqi duyumu yüksək olan uşaqların yaradıcılıq qabiliyyəti də yüksək səviyyədə olur. Əgər bir uşağın musiqi öyrənmək bacarığı zəifdirsə, musiqi dinləmirsə, musiqi alətində ifa edə bilməyəcək fikri yanlışdır. Bunları qarışdırmaq olmaz, belə ki, bunlar fərqli anlayışlar, bacarıqlardır. Hətta insanın ana bətnində ilk 3 ayından görmə, dadbilmə, qoxufunksiyası formalaşmasa belə, onda artıq səs refleksləri yaranır və ətrafdakı səsləri eşidir. Bununla da onda duya bilmə, eşitmə duyğusu formalaşır. Ona görə də uşaqları musiqi ilə böyütmək, musiqi dinləmək, nənə-babalarımızdan qalan lay-lay söyləmək və onlarda musiqi mədəniyyəti formalaşdırmaq, onların gələcək həyatı üçün daha faydalıdır. Hər uşaq musiqi alətində ifa etməyi bacarmaya bilər, ancaq hər uşaq musiqi dinləməyi bacarmalıdır”, - deyə psixoloq Yeganə Əskərova bildirib.

Afət Tahirqızı

Chosen
52
sia.az

1Sources