EN

Onkoloji xəstələrin müalicəsinin İTS-yədaxil edilməməsinin səbəbi

Zülfüqar Yusifov: “Çox vəsait tələb olunsa belə, ən dəhşətli xəstəliyə düçar olanları sığortadan kənarda saxlamaq olmaz”

Ölkəmizdə bir neçə ildir icbari tibbi sığorta sistemi (İTS) tətbiq olunur və vətəndaşlar bundan ciddi şəkildə yararlanırlar. Narahatlıq doğuran məsələ isə müalicəsi böyük vəsaitlər tələb edən onkoloji xəstəliklərin müalicəsinin İTS-yə daxil edilməməsidir. 

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin noyabrın 19-da birgə keçirilən iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov növbəti dəfə bu məsələni qaldırıb. O deyib ki, onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir: 

“İnsanlar arasında ürək-damar patologiyasından sonra ən çox tələbat onkoloji xəstəliklər sırasındadır. Onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunmamasını anlamaq olmur. Onkoloji xidmətə ayrılan vəsait 50 milyon civarında qalıb. Hər gün bu xəstələrlə qarşılaşan bir insan kimi deyim ki, bu xəstələrin böyük qrupunu adekvat müalicə etməkdən məhrumuq. Onkoloji xəstələrin müalicəsinə çox vəsait tələb olunur, razıyam, amma ilk olaraq, bu xəstələrin müalicəsində istifadə olunan dərmanları icbari tibbi sığorta öz öhdəsinə götürməlidir, bu ilk addım olmalıdır. İTSDA 5 ildir yaranıb, amma onkoloji xəstələrin icbari tibbi sığortaya cəlbi üçün addımlar atılmayıb, bu məsələ çox uzanır”.

Maliyyə naziri Samir Şərifov isə söyləyib ki, Azərbaycanda onkoloji tibb xidmətləri ilə bağlı əlavə vəsaitlərin ayrılmasına dair yaxın zamanlarda təkliflər hazırlanacaq. Onun sözlərinə görə, hər il bu sahəyə 60 milyon manat ayrılır: “Bundan əlavə, ehtiyat fondlarından da əlavə vəsaitlər ayrılır. Onkoloji tibb xidmətləri hamımızı narahat edən məsələdir. Biz Səhiyyə Nazirliyi, İcbari Sığorta Bürosu, Milli Onkologiya Mərkəzi və Maliyyə Nazirliyi ilə birgə müzakirələr apararaq, bu xidmətlər üçün əlavə vəsaitlərin ayrılması yollarını araşdırmalıyıq. Yaxın zamanda müvafiq təkliflər hazırlanıb hökumətə təqdim ediləcək”.

Bəs onkoloji xəstləliklərin müalicəsinin İTS-yə tam daxil edilməməsinin səbəbi nədir? Axı bundan xeyli adam əziyyət çəkir və onların bahalı müalicələri almaq imkanı yoxdur... 

Medicina.az

Zülfüqar Yusifov

Mövzu ilə bağlı Musavat.com-a danışan tanınmış həkim Zülfüqar Yusifov bildirir ki, bu məsələdə dünyanın ciddi sığorta təcrübəsi olan ölkələrindən nümunə götürmək olar. Məsələn, Cənubi Koreyada onkoloji xəstəliklərlə mübarizə daha çox önə çəkilir: “Bu problem çox əhatəlidir. Belə durumlarda sığortanın müəyyən bir büdcəyə malik olması lazımdır. Çətinliklər hələ də var. Qeyd etdiyimiz məsələ ilə bağlı pozitiv addımların atılacağı deyilir.  Böyük ehtimalla belə xəstələrin müayinə proseslərinin, müəyyən cərrahi əməliyyatların bu paketlərə daxil olması mümkündür. Ola bilər ki, bahalı dərman preparatlarının sığorta zərfinə daxil edilməsində müəyyən məhdudiyyət tətbiq edilsin. 

Onkoloji xəstəliklər həyat keyfiyyətini kəskin şəkildə azaltmaqla yanaşı, həyatın itirilməsinə səbəb olan xəstəlikdir. Bu xəstəliklə mübarizə o ölkədə adekvatdır ki, orada xəstəlik və yaranan ağrılar nəzarətə götürülür. Bu cür ölkələrdə onkoloji xəstəlikdən çox da qorxmurlar. Çünki onkologiya illərlə davam edir, insanın həyat şəraiti, yaşam keyfiyyəti, xəstəliklə mübarizəsi adekvat olduğunda ömrünün qalan hissəsini istədiyi kimi yaşamağa cəhd edir. Ağrılar olmadığı üçün müalicəsinə fikrini yönəldir. Ağrı olanda isə onkologiya ilə mübarizə daha dəhşətli olur.

Çoxsaylı ağır patologiyalar Azərbaycanda sığortanın əhatə dairəsinə daxil olub. Böyük ehtimalla Azərbaycanda onkoloji xəstəliklərlə mübarizə potensialının yüksək olduğunu düşünsək, bütün bunlardan vətəndaşın yaralanması üçün tibbi sığorta dəstək göstərməlidir. 

İcbari Tibbi Sığorta Sisteminin tətbiq edilməsi uzun müddət vaxt aldı. Lakin iri addımlarla bir çox xəstəliyi əhatə etdi, paketdəki xidmətlər zərfi daha da genişləndi. Yaxın zamanlarda onkoloji xəstəliklərin də bu zərfə daxil edilməsinə hissə-hissə başlamaq lazımdır. 

Almaniyada, İsveçrədə, Koreyada bu iş çox uğurlu şəkildə qurulub. Dünyada erkən aşkarlanmaya xüsusi diqqət yetirirlər. Aparılan hesablamalar göstərir ki, pasiyenti nə qədər erkən müayinə edərlərsə, o qədər də xəstəliyin qarşısını almaq olar. Bu insanların sağlamlığı baxımdan böyük uduş, həm də sığorta ödəmələrinin ciddi şəkildə aşağı düşməsi deməkdir. Buna görə də onkoloji xəstələrin müayinəsi icbari tibbi sığortaya daxil edilməlidir".    

ELDENİZ

 Eldəniz Əmirov              

İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, onkoloji xəstəliklər insanlar arasında sadəcə tələfata səbəb olmur, belə xəstələrin özləri və doğmaları tələfat baş verənə qədər sarsıntı içində yaşayır: “Bu sarsıntı ilə bərabər müayinə və müalicə proseslərinin baha olması ailələrə ciddi maddi çətinliklər yaşadır. Bu səbəbdən çox insanlar ilkin müayinədən, eləcə də müalicədən uzaq qaçıb, taleyini tamlıqla ilahinin ixtiyarına buraxaraq, evində sözlə ifadəsi olmayan üzüntülərlə yaşayır.

Buna görə də onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması məsələsinə ciddi baxılmalıdır. Başa düşürəm, bu proses bir çox xəstəliklərlə müqayisədə icbari tibbi sığortaya daha çox vəsait hesabına başa gələcək. Amma çox vəsait tələb olunsa belə, ən dəhşətli xəstəliyə düçar olanları sığortadan kənarda saxlamaq olmaz.

Bir vaxtlar ölkəmizdə icbari tibbi sığortanın tətbiqi məsələsi gündəmə gələn zaman çox vəsait lazım olacağını səbəb gətirərək bunu bir müddət uzatdıq. Amma şükürlər olsun ki, bu sistem ölkəmizdə uğurla tətbiq edilməyə başladı. Müalicə üçün 100 manatı olmayanlar ucqar kəndlərdən paytaxta gəlib 10 min manatlıq əməliyyatları 1 manatsız etdirə bilir. İnsanlar bu gün ölkəmizdə icbari tibbi sığortanın verdiyi fürsətlərdən sevinclə istifadə edir. Tibbi personal da (böyük əksəriyyət) bundan çox məmnundur.

Demək ki, bir şeyi çox istəyəndə biz bunu edə bilirik. Odur ki, mütləq şəkildə onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması istiqamətində real addımlar atılmalıdır. Əğər mövcud vəsait bu xəstəliyin müalicəsində A-dan Z-ə hər şeyi qarşılamaq üçün imkan vermirsə, onda heç olmasa nədənsə başlamaq lazımdır. Sonrakı hər il isə sığorta zərfini genişləndirmək olar". 

Şahanə RƏHİMLİ,
Musavat.com 

Chosen
7
musavat.com

1Sources