EN

Kənd təsərrüfatı kreditləşməsində dövlət zəmanətinin rolu artacaq

Ərzaqlıq buğda istehsalçılarına müasir suvarma sistemləri əldə etmək üçün kommersiya banklarının vəsaitləri hesabına dövlət zəmanətli kreditlər veriləcək.

Bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədr müavini Mehman İsmayılov deyib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə zəruri mexanizmlər dövlət qurumları tərəfindən təsdiqlənib: "AKİA tərəfindən banklarla müqavilə münasibətlərinin, sahibkarlara qarşı tələblərin, müqavilə standartlarının və bu kimi əməliyyat proseslərinin tənzimlənməsi işləri aparılır. Bütün tənzimləmələr üzrə işlər bitdikdən sonra kreditləşmə mexanizmin tətbiqinə start veriləcək".

M.İsmayılov qeyd edib ki, bu növ kreditləşmənin fərqi dövlət zəmanətinin olmasıdır ki, bu da sahibkarlara vəsaitin əlçatanlığını təmin edəcək.

"Bu layihə ilə kənd təsərrüfatı kreditləşməsində dövlət zəmanətinin rolu artacaq. Bank nəzarəti qurumları maliyyə sabitliyini qorumaq üçün banklar tərəfindən kreditlərin verilməsinə tənzimləmə tələbləri müəyyən edirlər. Bura girov və təminat şərtləri də daxildir. Bu isə öz növbəsində sağlam kredit portfelinin formalasmasına xidmət etsə də, kreditləşməni müəyyən qədər çətinləşdirir. Dövlət zəmanəti olduğu təqdirdə isə kreditləşmə sahibkara daha əlçatan olur. Bu halda banklara qarşı tələblər yumşalır və bankların da kreditləşməni genişləşdirmək imkanları artır",- M.İsmayılov əlavə edib.

Hüseyn VƏLİYEV

Chosen
29
1
vergiler.az

2Sources