EN

İqlim dəyişikliyi ilə bağlı məktəblər üçün təklif

Ekspertlər hesab edir ki, tədris interaktiv metodlarla zənginləşdirilməlidir

İqlim dəyişikliyi mövzusu son illərdə yalnız ekoloji və iqtisadi sahələrdə deyil, həm də təhsil sistemində əsas prioritetlərdən birinə çevrilib. Təhsil cəmiyyətin bu qlobal problemə yanaşmasında əsas vasitə kimi çıxış edir. İqlim dəyişikliyinin təhsil vasitəsilə maarifləndirilməsi isə yalnız məlumatlandırma deyil, həm də dərin düşüncə və davranış dəyişikliklərinə gətirib çıxarmalıdır. 

Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında təhsil eksperti Kamran Əsədov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı iqlim dəyişikliyi mövzusu ilə bağlı maarifləndirmənin önəmindən danışarkən bildirib. Ekspert dünya təcrübəsini nümunə göstərərək qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə həm məktəbəqədər, həm orta məktəb, həm də ali təhsil səviyyəsində həyata keçirilməlidir: “Bu mövzu yalnız bilik ötürməklə deyil, həm də praktik yanaşmalar və interaktiv öyrənmə metodları ilə tədris olunmalıdır. Skandinaviya ölkələrində iqlim dəyişikliyi təhsil proqramlarına məcburi olaraq daxil edilir. İsveçdə məktəblilər "yaşıl iqtisadiyyat" və “enerji səmərəliliyi” kimi mövzular üzrə təcrübə layihələri hazırlayırlar. Bunun nəticəsində şagirdlər yalnız nəzəri məlumat almır, həm də ekoloji problemlərə həll yolları tapmağı öyrənirlər.

Kamran

Kamran Əsədov

İqlim mövzularını STEAM fənləri ilə birləşdirən təhsil modelləri çox uğurludur. Məsələn, ABŞ-da bəzi məktəblər şagirdlərə günəş enerjisi panellərinin hazırlanması, karbon izlərinin hesablanması və ekosistemin balansının qorunması üçün tətbiqi layihələr təqdim edir. Bu yanaşma həm bilik, həm də praktiki bacarıqlar qazandırır. UNESCO-nun məlumatına görə, iqlim dəyişikliyi ilə bağlı təhsil proqramlarında iştirak edən gənclərin 70%-dən çoxu daha məsuliyyətli davranmağa başlayır. Məsələn, Almaniyada məktəblərdə xüsusi təlimlər vasitəsilə plastikdən istifadəni azaltmaq və tullantıları düzgün idarə etmək mövzuları geniş tədris edilir. Gənclərin iqlim dəyişikliyi ilə bağlı məlumatlandırılması onların həm cari, həm də gələcəkdəki həyat tərzini formalaşdırır. Dünya Bankının 2023-cü ildə apardığı araşdırmaya əsasən, iqlim maarifləndirilməsi proqramlarında iştirak edən gənclərin 85%-i gündəlik həyatlarında karbon izlərini azaltmaq üçün addımlar atmağa başlayıb. Buraya nəqliyyatda velosiped və ya ictimai nəqliyyatdan istifadə, enerjiyə qənaət edən texnologiyaların seçilməsi və təkrar istifadə vərdişlərinin aşılanması daxildir". 

K.Əsədovun fikrincə, bu müzakirələr Azərbaycanda istənilən səviyyədə deyil: “Şagird və tələbələr arasında iqlim dəyişikliyi mövzularının yalnız ümumi məlumat səviyyəsində müzakirə olunması, praktik tədbirlərin azlığı effektin zəif qalmasına səbəb olur. Azərbaycan universitetlərində mövzu ilə bağlı mühazirələr təşkil edilsə də, tələbələrin layihələrə cəlb olunması çox aşağı səviyyədədir. Yerli təcrübələr daha çox maarifləndirmə tədbirləri ilə məhdudlaşır, halbuki dünya təcrübəsi göstərir ki, praktiki fəaliyyətlər gənclərin aktiv iştirakını daha çox təmin edir. COP sammitləri (İqlim Dəyişikliyi üzrə Konfrans) çərçivəsində təhsilə aid müzakirələr arasında ən çox diqqət çəkən mövzulardan biri iqlim dəyişikliyinin erkən yaşlardan öyrədilməsi və bunun iqtisadi modellərə inteqrasiya edilməsidir. 2023-cü ildə Dubayda keçirilən COP28-də "Dayanıqlı təhsil strategiyaları" müzakirə mövzusu idi. Məsələn, Hindistan “Yaşıl Məktəblər” proqramını təqdim edərək təhsil müəssisələrini ekoloji baxımdan dayanıqlı hala gətirmək və bunu milli səviyyədə genişləndirmək məqsədini ortaya qoydu. Proqramın nəticəsi olaraq, 5 milyon şagird iqlim dəyişikliyi ilə bağlı biliklərə yiyələnib və bu proses 15%-lik tullantı azalma effekti ilə nəticələnib. Azərbaycan bu mövzuda daha sistemli yanaşma tətbiq etməlidir. Məktəblərdə iqlim dəyişikliyi ilə bağlı tədrisin standartlaşdırılması, interaktiv metodlarla zənginləşdirilməsi və tələbə-tədqiqat mərkəzlərinin yaradılması əhəmiyyətlidir. Azərbaycanda keçirilən Beynəlxalq Yaşıl STEAM Festivalı bu baxımdan əhəmiyyətli olsa da, bu cür tədbirlər kütləviləşdirilməlidir. Məsələn, hər bir universitetdə iqlim tədqiqat mərkəzlərinin yaradılması və onların COP tədbirlərində nümayəndəlik etməsi ölkənin beynəlxalq səviyyədə ekoloji təhsil siyasətində daha yaxşı yer tutmasına kömək edərdi. UNESCO-nun 2022-ci ildə yayımladığı hesabata görə, dünyada məktəb və universitetlərin yalnız 42%-i iqlim dəyişikliyi ilə bağlı maarifləndirici proqramları öz tədris planlarına daxil edib.

Azərbaycanın orta məktəblərində bu göstərici təxminən 15%-dir. Yəni şagirdlərin böyük əksəriyyəti iqlim dəyişikliyi mövzusunu dərsliklərdə çox az məlumat görür. 2024-cü ildə BP Azərbaycan tərəfindən dəstəklənən bir layihədə 1000-dən çox tələbə iqlim dəyişikliyi üzrə təlimlərə cəlb olundu. Bu layihə göstərdi ki, bu sahədə maarifləndirmə daha geniş tətbiq edilərsə, tələbələrin iştirakı və praktiki bilikləri əhəmiyyətli dərəcədə artacaq. İqlim dəyişikliyinin təhsil vasitəsilə maarifləndirilməsi yalnız qlobal problemə yanaşmanın təkmilləşdirilməsi deyil, həm də cəmiyyətin gələcək nəsillər üçün məsuliyyətli qərarlar qəbul etməsinə imkan yaradır. Dünya təcrübəsinin öyrənilməsi və Azərbaycanın təhsil sisteminə tətbiqi vacibdir. Məktəb və universitetlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri artırılmalı, praktik layihələr tətbiq edilməli və gənclərin iştirakçılığı təmin edilməlidir. Azərbaycan, COP müzakirələrinin əsas mövzularını nəzərə alaraq, həm milli, həm də beynəlxalq səviyyədə iqlim təhsili siyasətini inkişaf etdirməlidir.

Yazını hazırladı:  Nigar HƏSƏNLİ

Chosen
6
musavat.com

1Sources