EN

"NVIDIA" çoxdan gözlənilən III rüb hesabatını açıqladı

"NVIDIA" ("NASDAQ: NVDA") bu il 27 oktyabr tarixində başa çatan III rüb üçün hesabatını açıqlayıb.

Valyuta.Az açıqlanan hesabata istinadən xəbər verir ki, şirkət bu rübdə 35,1 milyard dollar gəlir əldə edib. Bu, əvvəlki rüblə müqayisədə 17%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 94% artıma işarə edir.  

"GAAP"* üzrə hər səhm üçün seyrəldilmiş gəlir 0,78 dollar təşkil edib ki, bu da əvvəlki rübdən 16%, keçən ildən isə 111% çoxdur.

"Non-GAAP"** üzrə isə bu göstərici 0,81 dollar olub ki, bu da əvvəlki rübdən 19%, keçən ildən isə 103% çoxdur.  

Xatırladaq ki, "Nvidia"nın 3-cü rübdə səhmləri başına mənfəətinin (EPS) 0,74 dollar və 33,2 milyard dollar gəlir əldə edəcəyi proqnozlaşdırılırdı. 

Şirkətin təsisçisi və baş icraçı direktoru Censen Huang (Jensen Huang) açıqlamasında bildirib: "AI dövrü tam sürətlə irəliləyir və "NVIDIA" hesablama texnologiyasına qlobal keçidi sürətləndirir. "Hopper"ə olan tələb və tam istehsalda olan "Blackwell" üçün gözləntilər təəccüblüdür, çünki əsas model istehsalçıları ilkin təlim, sonrakı təlim və inferensiya miqyasını artırır."

Huang həmçinin vurğulayıb ki:  "AI hər bir sənayeni, şirkəti və ölkəni dəyişir. Müəssisələr iş axınlarını inqilabi şəkildə dəyişmək üçün agentik AI qəbul edir. Fiziki AI sahəsində nailiyyətlərlə birlikdə sənaye robotikası üzrə investisiyalar artır. Ölkələr milli AI və infrastrukturun inkişafının əhəmiyyətini daha yaxşı dərk edir."

Qeyd edək ki, şirkət növbəti rüblük nağd dividentini hər səhm üçün 0,01 dollar məbləğində 27 dekabr 2024-cü il tarixində ödəyəcəyini açıqlayıb. Bu dividentdən yararlanmaq üçün səhmdarlar 5 dekabr 2024-cü ilə qədər qeydiyyatdan keçməlidir.

İZAHAT: 

* GAAP (Generally Accepted Accounting Principles) - mühasibat uçotu sahəsində istifadə edilən ümumi qəbul edilmiş qayda və prinsiplər toplusudur ki, bu da maliyyə hesabatlarının hazırlanmasını və təqdim edilməsini standartlaşdırır.

** Non-GAAP (Generally Accepted Accounting Principles-dən kənar) - şirkətlərin maliyyə vəziyyətini daha dəqiq əks etdirmək üçün GAAP standartlarına əsaslanmadan, fərdi metodologiya ilə hazırladığı maliyyə ölçüləridir.
Chosen
1
1
qaynarinfo.az

2Sources