EN

Putinin məşhur suala qorxunc cavabı – “Ukraynaya nüvə silahı verilsə…”

Britaniyanın “Ekspress” nəşrinin iddiasına görə, ABŞ-da prezident seçkilərində qalib gələn Donald Tramp gizli şəkildə Kiyevə nüvə silahı ötürə bilər.

Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, ABŞ-ın Ukraynaya nüvə silahı verəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Bunun Trampın dövründə olacağı isə ümumiyyətlə müzakirə predmeti ola bilməz.

Birincisi, Tramp özü belə bir addımın atılmasına qarşı olar.

İkincisi isə Şimali Koreyanı çıxmaq şərti ilə nüvə başlıqları olan dövlətlərdə bu sahəyə nəzarət bir nəfərin əlində deyil və qərarlar təkbaşına verilmir. Hətta ölkəyə ciddi təhlükə yarandığı vaxtda nüvə silahından istifadə ilə bağlı qərar vermək təkcə prezidentlərin səlahiyyətində deyil”.

Politoloqun sözlərinə görə, hazırda bu sahədə siyasət yeni nüvə dövlətlərinin yaranmasına imkan verməmək üzərində qurulub:

“Yazılan və yazılmayan bu qaydaları pozmaq istəyən dövlətlər ciddi şəkildə cəzalandırılır. İrana tətbiq olunan sanksiyalar məhz nüvə silahı əldə etmək istəməsi ilə bağlıdır. Yaxud İraqın keçmiş prezidenti Səddam Hüseyn hakimiyyətinin devrilməsi də onun nüvə silahı əldə etməyə yaxın olması ilə bağlı idi. Doğrudur, sonradan bilindi ki, İraqın belə bir silahı əldə etmək imkanı olmayıb.

Lakin Ukrayna nüvə silahı alıb istifadə edərsə, nəticəsini təsəvvür etmək mümkün deyil. Bu silahdan Ukraynanın istifadə etməsi həm də ABŞ-ın istifadə etməsi deməkdir. Yəni Rusiya buna görə Qərb və ABŞ-a cavab zərbəsi endirə bilər. Əgər ABŞ belə bir addım atarsa, bu, Rusiya üçün çoxdan axtardığı bəhanə ola bilər. Bununla da rahat şəkildə çoxsaylı taktiki nüvə silahından istifadə edib, Avropanı böyük təhlükələrlə üz-üzə qoyar.

Bir neçə il öncə nüvə silahından istifadə etməyin Yer kürəsinə böyük təlükə yarada biləcəyi ilə bağlı Putinə sual verilmişdi. Putin demişdi ki, “Rusiyasız dünya bizə lazım deyil”. O səbəbdən nəinki ABŞ, heç bir nüvə dövləti Ukrayna ilə bu istiqamətdə müqavilə imzalamağa cəsarət etməz. BMT-nin nüvə silahının yayılması ilə bağlı məlum qərarını da unutmamalıyıq”.

Chosen
14
turkustan.az

1Sources