EN

Beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İnsult, beyin zədələnməsi və hətta ölümlə nəticələnə bilən beyin anevrizmasının müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir.

Anevrizma arteriya, az hallarda vena və ya ürək divarının incəlməsi səbəbilə, adətən balon şəklində şişməsi və qabarmasıdır. Beyin anevrizması anevrizmaların daha təhlükəli və ən çox rast gəlinən formalarındandır.

Bu xəstəliyin diaqnostikası və müalicəsi üçün lazım olan maqnit rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT), KT/MRT angioqrafiya, serebrospinal maye (CSF) testləri, laborator analizlər, açıq beyin əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır.

Anevrizma ilə heç bir simptom hiss etmədən illərlə yaşamaq mümkündür. Bu vaxt ərzində isə anevrizma inkişaf edərək hər an təhlükə yarada bilər. Bir çox hallarda anevrizmalar böyüyənə və yırtılana (ya partlayana) qədər simptomsuz keçir. Lakin böyüyən anevrizma ətraf toxuma və sinirlərə təzyiq edir və nəticədə bəzi simptomlar müşahidə olunmağa başlayır. Böyüyən, lakin yırtılmamış anevrizmalar zamanı baş ağrısı, göz üstündə ağrı, üzün bir tərəfində keyimə, ikiləşmiş və bulanıq görmə, genişlənmiş göz bəbəyi kimi əlamətlər müşahidə olunur. Yırtılmış beyin anevrizmaları zamanı boyun nahiyəsinə yayılan şiddətli baş ağrısı, işığa qarşı həssaslıq, nitqin pozulması, psixi vəziyyətdə dəyişiklik, şüur itkisi, başgicəllənmə, hərəkətin çətinləşməsi, dərinin qızarması, tərləmə, ürəkbulanma və ya qusma kimi simptomlar yaşanır.

Xəstəliyin simptomları müşahidə olunan pasiyentlərə həkim təyinatı ilə tələb olunan müayinələr icra edilir. Diaqnozun dəqiqləşdirilməsi anevrizmanın mövcudluğunu aşkar edən beyin toxumalarının və arteriyalarının görüntülərinə əsaslanır. Görüntüləmə MRT və KT müayinələri əsasında əldə olunur.

Sözügedən xəstəliyin müalicəsi anevrizmanın lokalizasiyası və ölçüsü, onun yırtılma riskinin olması və ya yırtılması, pasiyentin yaşı, irsiyyəti, yanaşı xəstəliklərindən asılı olaraq dəyişir. Kiçik ölçülü və simptomsuz anevrizmaları olan pasiyentlərə vaxtaşırı görüntüləmə metodları (MRT, KT) ilə müayinə və mövcud xəstəliklərinin (xüsusilə ateroskleroz, arterial hipertenziya) müalicəsi tövsiyə olunur. Radikal müalicə üsulu kimi isə cərrahiyyəyə üz tutulur. Cərrahi əməliyyatla anevrizmaya qan axınını kəsmək və qan dövranından ayırmaq (anevrizmanın kliplənməsi, koaqulyasiya və s.) mümkündür. İcra edilən açıq beyin əməliyyatı, bu zaman istifadə edilən tibbi sərf və anesteziya, stasionarda yatış, qidalanma icbari tibbi sığorta təminatına daxildir.

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

Məlumat üçün bildirək ki, anevrizma yırtılması müalicə edilmədiyi təqdirdə, beyin toxumasında infarkt, beyin zədələnməsi, insult, iflic və bəzi hallarda ölümlə nəticələnə bilər. Bu xəstəliyə ən çox 40 yaşdan yuxarı olan, şəkərli diabet, arterial hipertenziya (yüksək qan təzyiqi) və digər xəstəliklərdən əziyyət çəkən, baş nahiyəsindən zərbə alan, alkoqol və tütün istifadə edən, ailə tarixçəsində daha öncə yırtılmış anevrizması olan şəxslərdə rast gəlinir

Chosen
12
6
qafqazinfo.az

7Sources