EN

Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli – fırıldaq, yoxsa alıcı diqqətsizliyi…

Mütləq təklif olunan malı diqqətlə incələmək, sifarişlərin təfərrüatına, ölçülərinə dəqiq baxmaq lazımdır
Son illərdə elektron (onlayın) ticarət bütün dünyada dəbə düşüb. Daha dəqiqi, insanlar öz ölkəsində təklif edilən qiymətdən xeyli ucuz olduğu üçün müxtəlif malları qlobal onlayn satış şəbəkələrindən əldə edirlər. Bu zaman aldadılanlar da olur…

Sosial şəbəkələrdə edilən paylaşımlarda bir çox insanlar aldıqları malların keyfiyyətsizliyindən, yaxud ölçülərinin fərqliliyindən gileylənirlər.

“Temu”dan Yeni il aksessuarı sifariş elədiyi halda ona yapışqan kağız gəldiyini bildirənlər də var.

Bu dolandırıcılıqdır, yoxsa “gözqamaşdıran” məhsulun əslində nə olmasına fikir verməmək, onu incələməməkdirmi? Bütün hallarda istehlakçıya aldadıcı manevrlər etmək qanun pozuntusudurmu?

Məhsul alarkən onun təsvirləri ilə gerçəyi necə ayırd etmək olar?

Mövzu ilə bağlı Musavat.com-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, onlayn ticarətlə klassik ticarət ciddi rəqabət aparır və ona qalib gəlir.

“Bu problem tək Azərbaycanda deyil, bütün dünyada yaşanır. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatı və türkdilli xalqların istehlakçı təşkilatlarının Səmərqənddə böyük konfransı keçirilir. Orada onlayn ticarətin istehlakçı hüquqlarını pozması amilləri müzakirə olunur. Bizim ölkəmizdə bu məsələ daha geniş yayılıb. Çünki istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub, ondan sonra bazar dəyişsə də, qanun dəyişməyib. Bu qanun yenilənməlidir. Belə şəraitdə istehlakçı hüquqlarının pozulması qaçılmazdı. Bizə onlayn ticarətdən çoxsaylı şikayətlər daxil olur. İstehlakçı malı sifariş verir və məhsul əlinə çatanda məlum olur ki, onun tələbinə uyğun deyil. Onu dəyişmək və ya geri qaytarmaq istəyəndə problem yaşayır. Bəzən isə mümkünsüz olur.

Yaxud da istehlakçıya kassa çeki verilmir. Məhsul hansısa metro çıxışında təslim edilir və iş bununla bitir. Elə hal da olur ki, istehlakçıya keyfiyyətsiz mal verilir və onu vətəndaş sübut edə bilmir. Bizə müraciət edənlərdən biri televizor sifariş vermişdi, ünvana gəlib çatanda açıb görmüşdülər ki, televizorun ekranı qırılıb. Bəlkə də onu kuryer qırıb, amma ortada heç bir sübut yox idi. Onlayn ticarətdə istehlakçı hüququnun pozulması halları hədsiz çox olur. İstehlakçı hüquqlarını qoruyan Ümumdünya Təşkilatının çağırışına görə, onlayn dərman almayın. Onlayn alınan dərmanların 70 faizi saxta olur.

Təəssüflər olsun ki, onlayn ticarətdə hətta dövlət orqanları da istehlakçı hüquqlarını qorumaq üçün mükəmməl və səmərəli təşəbbüs göstərmir. Buna görə də qanun dəyişməlidir. Bütün hallarda vətəndaşlar belə halla üzləşdikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər”.

Ekspertlər bildirir ki, onlayn alış zamanı gözqamaşdıran reklama aldanmaq lazım deyil. Mütləq təklif olunan malı diqqətlə incələmək, sifarişlərin təfərrüatına, ölçülərinə dəqiq baxmaq lazımdır. Məsələn, bir mal təklif olunursa, onun standartları, keyfiyyətinə diqqət etmək lazımdır.

Chosen
30
1
tribunainfo.az

2Sources