EN

“Problemi var idi, sistemli oyuna çıxa bilmirdi” – atası da Bəhlulun çıxışından narazıdı

İsveçə böyükhesablı məğlubiyyətə görə həm ayrı-ayrı futbolçular, həm baş məşqçi, həm də AFFA günahlandırıldı. Amma oyuna baxanda daha çox klublarında əsas heyətə düşə bilməyən futbolçuların ümidləri doğrultmadığını gördük. Belələrindən biri də “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadədi.

Həm yığmanın son oyunu, həm də Bəhlulun son vaxtlardakı çıxışı ilə bağlı atasının fikirlərini öyrəndik. Hazırda “İmişli”də köməkçi məşqçi işləyən Ələmdar Mustafazadə “Football-plus.az”a bunları dedi:

“Olduqca ürəkağrıdan mənzərə idi. Düzdü, səviyyə fərqi var. Amma daha yaxşı müqavimət göstərə bilərdik. Düzü, mənim də inamım yox idi ki, klublarında ehtiyatda oturub ora gedən oyunçular nəsə edə bilərlər. Bəhlulun da ideal çıxış etdiyini deyə bilmərəm. “Oturuşmuş” komanda görə bilmədim. Bəhlulla danışanda da çox məyus olduğunu hiss elədim. Son vaxtlar problemi var idi, sistemli oyuna çıxa bilmirdi. Yəni performansında eniş vardı. Özüm də onunla danışmaq isyəyirəm. Bir qədər özünə gələndən sonra əvvəlki formasına qayıtması üçün nə etməli olduğumuzu danışacağıq. Təbii ki, mən də bacardığım dəstəyi göstərəcəm”.

Mütəxəssis mövcud durumun səbəbləri barədə də danışdı:

“Futbolçuları da çox tənqid edə bilmərəm. Olan gücümüz bu idi. Buraxılmış səhvlərin bədəlidi. Günahkar tapmaq mümkündü - AFFA, rəhbərlik və s. Xaricdən mütəxəssis gətirməklə nəsə düzələn deyil. Yerli mütəxəssislərə şans vermək lazımdı. Uşaq futbolu pis vəziyyətdədi. Gürcüstandan nümunə götürməliyik. Aşağı liqalarda vəziyyət pisdi. İndiki vəziyyətdəçox ölkədən geriyik. Zəif oynayan ölkə yoxdu. Amma bu duruma görə klublar da, AFFA da məsuliyyət daşımalıdı”.

RÖYANƏ OĞUZ

1Sources