Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının – “Nüvə silahının tətbiqinin qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında” Fərman imzalayıb.
Doktrinanın əsas prinsipi nüvə silahının ölkənin suverenliyini qorumaq üçün son vasitə olmasından ibarətdir.
Sənədə əsasən:
1. Hərbi koalisiyaya daxil olan hər hansı bir dövlətin Rusiya və onun müttəfiqlərinə qarşı təcavüzü bütövlükdə koalisiyanın təcavüzü hesab olunacaq;
2. Qeyri-nüvə dövlətinin nüvə dövlətinin iştirakı, yaxud dəstəyi ilə Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü onların birgə hücumu sayılacaq;
3. Hərbi infrastrukturunu Rusiya ərazisinə yaxınlaşdıran hərbi koalisiyaların yaradılması və ya genişləndirilməsi ölkəyə qarşı təhlükə hesab olunacaq və bu təqdirdə də nüvə silahının qarşısının alınması strategiyası tətbiq edilə bilər. Bu cür təhdidlərə potensial düşmən tərəfindən Rusiya sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlərin planlaşdırılması və keçirilməsi də daxildir.
4. Rusiya hərbi kosmik hücum silahlarının, o cümlədən PUA-ların kütləvi şəkildə havaya qalxması və onların Rusiya sərhədini keçməsi barədə etibarlı məlumat əldə edərsə, nüvə silahından istifadə edə bilər.
“Rusiya istənilən addımı ata bilər”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Rusiyanın yeni nüvə doktrinasını şərh edən Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Rusiya istənilən halda, istənilən silahdan istifadə edə bilər:
“Rusiya üçün hansısa məhdudiyyət, yaxud prinsiplər nəzərdə tutulmayıb. Ukraynaya müharibə elan edəndə də Moskva beynəlxalq hüququn müəyyən etdiyi prinsipləri pozub. Rusiyanın müəyyən strategiyası var ki, ona uyğun olaraq da məsələlərə münasibət bildirir. Ona görə mövcud vəziyyətdə Rusiya nüvə silahı ilə bağlı da istənilən addımı ata bilər.
Bunun nə dərəcədə Rusiyaya fayda verəcəyini söyləmək çətindir. Amma hər halda bunun özü də ciddi məsələlərdən biridir. O baxımdan burada konkret olaraq Rusiyanın nəyi edib etməyəcəyini söyləmək bir qədər sadəlövhlük olardı”.
Deputatın fikrincə, nüvə məsələsində də Rusiyanın atacağı addımların təhlükəsi hən an realdır:
“Amerika silahlı ilə Rusiyanın dərinliklərinin vurulmasına cavab olaraq yəqin ki, Moskva da müəyyən məsələləri düşünücək. Hər halda bəşəriyyəti yaxşı nəsə gözləmir”.
Rüfət Sultan, Bizim.Media