EN

İradə Rizazadə ilə MÜSAHİBƏ: COP29 və Azərbaycanın qlobal iqlim siyasətinə təsiri

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə ilə bu COP29 mövzusuna dair ətraflı bir müsahibə aldıq. Müsahibəmizdə COP29 çərçivəsində Azərbaycanın qlobal iqlim siyasətinə töhfələri, beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları və gənclərin iqlim fəaliyyətindəki rolu kimi vacib məsələlərə toxunduq. İradə Rizazadə həmçinin bu sammitin Azərbaycana və dünya iqlim mübarizəsinə olan uzunmüddətli təsirlərini dəyərləndirdi.

 

QHT.az: COP29 çərçivəsində BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları barədə fikirləriniz nələrdir?

İradə Rizazadə: COP29 beynəlxalq iqlim sammitinin Azərbaycanda təşkil olunması çox önəmlidir. Bu cür mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi, həm qürurverici, həm də qlobal əhəmiyyətli məsələlərin müzakirəsi baxımından vacibdir. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr, iqlim dəyişikliyi ilə bağlı müzakirələr aparacaq və həll yollarını araşdıracaqlar. Bu tədbir beynəlxalq əməkdaşlığımızı daha da gücləndirir və cənab Prezidentimizin çıxışında verilən önəmli mesajlar da bunu təsdiqləyir. 196 ölkədən 72 min iştirakçı və 80 ölkə lideri bu tədbirə qatılacaq, təşkilatçılığın yüksək səviyyədə aparıldığını bir daha göstərir. Mən əminəm ki, bu tədbirin nəticələri Azərbaycanın qlobal mövqeyini gücləndirəcək.

 

QHT.az: Azərbaycanda COP29-un nəticələrindən faydalanaraq beynəlxalq iqlim layihələrinə daha çox inteqrasiya olunmaq üçün hansı təkliflər irəli sürülə bilər?

İradə Rizazadə: COP29 çərçivəsində Bakıda keçirilən iqlim sammitində əsas müzakirə mövzularından biri iqlim problemlərinin həlli üçün maliyyə dəstəyinin təmin edilməsi oldu. Bir çox ölkələr, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün maliyyə resurslarının ayrılmasının vacibliyini vurğuladılar. Bu cür təşəbbüslərin gələcəkdə Azərbaycanın beynəlxalq iqlim layihələrinə daha çox inteqrasiya olunması üçün əsas yaradacaq. Həmçinin, Azərbaycanda həyata keçirilən layihələrə beynəlxalq maliyyə dəstəyi və resurs ayrılması, qlobal səviyyədə koordinasiyanın gücləndirilməsi vacibdir. Azərbaycanın bu istiqamətdəki fəaliyyəti, həm regionda, həm də dünyada təcrübə mübadiləsini təmin edəcək.

 

QHT.az: Bakı COP-29-un Azərbaycanın beynəlxalq iqlim siyasətinə və əlaqələrinə hansı töhfələr verəcəyini düşünürsünüz?

İradə Rizazadə: Bakı COP29-u Azərbaycanın beynəlxalq iqlim siyasətinə çox mühüm töhfələr verəcək. Azərbaycanın ev sahibliyi etdiyi bu sammit, qlobal iqlim problemlərinin həllində ölkəmizin aktiv rolunun altını çızacaq. Bu tədbir həm Azərbaycanı, həm də bölgə ölkələrini, iqlim dəyişikliyi ilə mübarizədə daha fəal iştirak etməyə dəvət edir. Azərbaycanın iqlim siyasətində daha çox əməkdaşlıq və fəaliyyət göstərməyə imkan verəcək. Bu sammit, həmçinin Azərbaycanın beynəlxalq münasibətlərini gücləndirəcək və ölkəmizin qlobal iqlim məsələlərində daha güclü bir tərəfdaş olaraq mövqeyini möhkəmləndirəcək.

 

QHT.az: Gənclərin iqlim fəaliyyətindəki rolu barədə nə düşünürsünüz?

İradə Rizazadə: COP29-da gənclərin iqlim fəaliyyətindəki rolu xüsusi vurğulandı. Gənclərin bu sahədə ön sırada iştirak etməsi çox önəmlidir, çünki onların fəallığı, qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. Birinci xanım Mehriban Əliyeva öz çıxışında da gənclərin bu sahədəki rolunu qeyd etdi. Dünya gənclərinin birləşməsi və iqlim dəyişikliyi ilə birgə fəaliyyət göstərməsi ən vacib məsələlərdən biridir. İnşallah, Azərbaycanda keçirilən COP29-u gözəl nəticələrə səbəb olacaq və qəbul edilən qərarların həyata keçirilməsinə nail olarıq.

 

QHT.az: COP29-un nəticələrinin gələcəkdə qlobal iqlim problemlərinin həlli istiqamətində hansı müsbət addımlara səbəb olacağına inanırsınız?

İradə Rizazadə: COP29-un nəticələri, qlobal iqlim problemlərinin həlli istiqamətində mühüm addımlar atılmasına imkan yaradacaq. Bu tədbir, ölkələr arasında iqlim dəyişikliyinə qarşı daha çox əməkdaşlıq və koordinasiyanı təmin edəcək. Azərbaycanda keçirilən bu tədbir, həm ölkəmizin, həm də beynəlxalq aləmin iqlim sahəsindəki məqsədlərinə daha sürətli çatmasına dəstək olacaq. Həmçinin, bu tədbir Azərbaycanın beynəlxalq iqlim siyasətini gücləndirərək, ölkəmizin gələcəkdə iqlim dəyişikliyi ilə mübarizədə daha fəal rol oynamağa imkan verəcək.

 

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
20
qht.az

1Sources