"Belarus televiziyasının yaydığı məlumat həm psixoloji savaş elementidir, həm də müharibə böyüyəcəyi təqdirdə, Rusiyanın ilk zərbə endirəcəyi ölkələr sırasında Baltikyanı ölkələr və Polşanı görəcəyimizə işarə kimi də qiymətləndirilə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Belarus dövlət televiziyasının müxalifətin və Qərbin ölkənin cənub-qərbindəki 4 əraziyə hücum planı barədə verdiyi məlumatı şərh edərkən deyib.
Taleh Əliyev bildirib ki, Qərb Belarusda keçirilən son prezident seçkisinin nəticələrini qeyri-legitim hesab edir və Qərb hazırkı prezident Aleksandr Lukaşenkonu hakimiyyəti zəbt etdiyini bildirir:
"Qərb müxalifət liderinin seçkilərin qalibi olduğunu bildirərək, onu qanuni hakimiyyət kimi tanıyırlar. Lukaşenko da son günlər daha da gərginləşən Rusiya-Qərb qarşıdurması fonunda ola bilsin ki, özünün hakimiyyətinin də uzun müddət sürməyəcəyi qənaətinə gəlib. Digər tərəfdən, Rusiyanın nüvə doktrinasında həmçinin müttəfiqi Belarusa qarşı hər hansı xarici təcavüzün baş verməsinin də nüvə silahından istifadə üçün əsas yaradacağı bəndi də qeyd olunub. Bu mənada, Belarus televiziyasının yaydığı həmin məlumat istər-istəməz Lukaşenkonun son prezident seçkilərindən qalan ciddi problemin birdəfəlik həll edilməsi istiqamətində həyata keçirmiş olduğu bir blef də ola bilər".
Bununla belə, həmsöhbətimiz Qərblə münasibətləri tamamilə korlayan Lukaşenkonun devrilməsilə bağlı Qərbdə, xüsusən də qonşu Polşa və Baltik ölkələrində müəyyən hazırlıq proseslərinin aparıla biləcəyini də istisna etmir:
"Bu da istisna deyil. Lakin indiki halda Minsk tərəfindən həmin ölkələrin adlarının çəkilməsi həm psixoloji savaş elementidir, həm də müharibə böyüyəcəyi təqdirdə, Rusiyanın ilk zərbə endirəcəyi ölkələr sırasında Baltikyanı ölkələr və Polşanı görəcəyimizə işarə kimi də qiymətləndirilə bilər. Xəbər feyk də ola bilər. Amma rəsmi Minskinin ona reaksiyası göstərir ki, qarşı tərəf ondan növbəti addımların atılması üçün istifadə etməyə hazırlaşır".
Qeyd edək ki, Belarusun dövlət televiziyası müxalifətin və Qərbin ölkənin cənub-qərbindəki 4 əraziyə hücum planı barədə məlumat yayıb. Polşa, Litva və Ukraynadan silahlı qrupların iştirak edəcəyi iddia edilir. Plana görə, Belarusun əvvəlcə "millətçi dəstələri tərəfindən hücuma məruz qalacağı, daha sonra muzdlular və NATO qüvvələrinin gətiriləcəyi" iddia edilir. Polşa kəşfiyyat xidmətlərinin silahlıları hücuma hazırlamağa kömək etdiyi də bildirilir.
Rüfət Sultan